Sabir Zəkullaoğlu - Ən qiymətli şey vaxtdır.

YAZARLAR 20:00 / 10.06.2026 Baxış sayı: 221

 

Deməli, ən çətin məsələ də vaxtla düzgün davranmaqdır. Vaxt dediyimiz isə əslində ömrümüzdən çalınan zaman kəsiyidir.

Hara vaxt sərf ediriksə, biz bir az da həmin sərf etdiyimiz vaxtdan ibarət oluruq.

Məsələn, mənə desələr ki, həyatının faydalılıq əmsalını hesabla, ilk növbədə ora yazmağa və oxumağa sərf etdiyim zamanı əlavə edərəm. Çünki oxumağa ayırdığım vaxt mənə yalnız bilgi vermir, həm də ruhuma bir hüzur bəxş edir.

Bəzən maraqlı bir yazı olanda onu su kimi içirəm. Ürəyim sərinlənir. Bəzən isə əksinə, onu tez bitirməyə tələsmirəm. İstəmirəm ki, tez bitsin. Ona görə də həmin yazını sanki “zakuska” kimi istifadə edirəm.

Elə bir zamanda yaşayırıq ki, artıq hər şeyin sürəti artıb. Üstəlik, informasiya bolluğu içində yaşayırıq.

Bu gün oxucunu qısa, lakin əhatəli, düşündürücü və axıcı yazılarla cəlb etmək mümkündür. Amma “oxucunu cəlb etmək” məsələsi də müəyyən mənada şərtidir. Əsas olan insanın özünü ifadə etməsidir.

Məncə, yazı adamlarının çoxu təkcə oxucular üçün deyil, həm də özü üçün yazır. İçini boşaltmaq, özünü ifadə etmək üçün.

Bəzən hansısa mövzuda yazanda mətnin əvvəlindən bilirəm ki, bu yazını paylaşmaq doğru deyil. Amma bunu bilə-bilə yazını sona qədər davam etdirir, hətta redaktə və korrektə də edirəm. Sonra isə paylaşmadan silirəm. Bunu bir çox yazar dostlarımızın da etdiyini bilirəm.

Bu gün ədəbi mətnlərdə işlədilən metaforalar, məcazlar və təşbehlər artıq insanları əvvəlki kimi silkələmir.

Əlqərəz...

Əslində yazmaq istədiyim mövzu bambaşqa bir mövzudur. Ancaq yazdıqca əsas mövzudan uzaqlaşıram deyə keçim əsas məsələyə:

Xırda bir toxunuşla Ermənistanda baş tutmuş seçkilərə münasibət bildirmək istəyirəm; yuxarıda yazdıqlarımı nəzərə alaraq demokratik dəyərlər haqqında çox yox, bir-iki cümlə yazmaq istəyirəm.

Dünən Ermənistanda keçirilən seçki mənə onu deməyə əsas verir ki, demokratiya zorla, məcburi şəkildə baş verən proses deyil. Demokratiya təbii prosesdir, sifarişli deyil. Bu mütləq zaman tələb edir.

Demokratik proses bir şəxsin (hətta həmin şəxs prezident olsa belə) siyasi iradəsindən asılı deyil.

Biz bunu Mixail Saakaşvilinin timsalında gördük. Saakaşvili həqiqətən demokrat idi və hakimiyyətdə olduğu müddətdə bir çox əhəmiyyətli sayıla biləcək demokratik qərarlara imza atdı-rüşvəti aradan qaldırdı. Polis orqanlarında əsaslı dəyişikliklər etdi və sair.

Ancaq zaman göstərdi ki, gürcü xalqı demokratik xalq deyil. Onlar Saakaşvilinin yaratdığı ənənəni davam etdirə bilmədilər. Çünki demokratiya yalnız siyasi rəhbərlər məhdudlaşmır, bu həm də xalqın düşüncə tərzi, milli şüuru və davranışı ilə bağlı məsələdir.

Nikol Paşinyan da eynilə Mixail Saakaşvili kimi bürokratik və avtoritar sistemi demokratik idarəetmə modelinə çevirməyə çalışdı. Və gürcü xalqından fərqli olaraq erməni xalqı demokratiyanı dəstəklədi. Deməli, erməni cəmiyyəti demokratiyaya daha meyilli bir cəmiyyətdir.

Erməni xalqı müharibədə məğlub olmuş liderini yenidən baş nazir seçdi.

Niyə?

Çünki onlar həmin lideri seçməklə əslində demokratiyanı seçdilər.

Hər iki ölkədə oxşar siyasi mühit və şərait mövcud idi.

Hər iki dövlətə Rusiya ciddi təsir və təzyiq göstərirdi.

Hər iki ölkədə Rusiyanın dəstəklədiyi namizədlər vardı. Amma nəticələr tamamilə fərqli oldu.

Buradan belə bir nəticəyə gəlmək olar ki, xalq özü demokratikləşməsə, o xalq heç vaxt hakimiyyətin mənbəyinə çevrilməyəcək və belə bir cəmiyyətin nə azad seçki keçirmək imkanı, nə müstəqil məhkəməsi, nə də azad mətbuatı olacaq