Ayaz Arabaçı - Nə zaman ki,səsintək nəğmələnir yağışlar

Ədəbiyyat 15:20 / 11.06.2026 Baxış sayı: 182

 

Nə zaman ki,səsintək nəğmələnir yağışlar,

Ürəyimin simləri gərilir tarım-tarım.

Nə zaman ki,toqquşur bir nöqtədə baxışlar,

Çiçəklərə çevrilir odlu yalvarışlarım.

 

Nə zaman ki,xəyalım dağılır qol-qıç olur,

Əlimdəki qələmlə ürəyimi didirəm.

Nə zaman ki,göyərib barmaqlarım qıc olur,

Sənə bir şer yazıb canımı isidirəm.

 

Gah ən yaxın şəhərdə,gah ən uzaq kənddəyəm,

Gəzirəm harda gəldi baş alıb veyil-veyil.

Mən sənin xəyalınla başqa planetdəyəm,

Sən hardasan bilmirəm,mənə maraqlı deyil.

 

Hər ocaq qırağında verib özünü hisə,

Məndə hər addımbaşı vurulmaq adət deyil.

Gərək öz gözlərinlə görəsən bu nədisə,

Bu tək xoşbəxtlik deyil,bu tək səadət deyil.

 

Qəlbimi hər ağrıdan adınla fərəhlədim,

Səndən başqa dünyanın daha pir yeri yoxdur.

Dünən bir də oturub ömrümü vərəqlədim,

Sənin adın olmayan elə bir yeri yoxdur.

 

Sən çoxdan unutmusan,sənin yadında qalmaz,

Səni necə ayırdım bir durnanın dəsindən.

Mən səni elə sevdim heç bunu ağıl almaz,

Hətta Tanrının gözü çıxdı hədəqəsindən.

 

Dayanmışam,durmuşam tətiklərə hədəfdə,

Qarşımı kəsə bilməz nə bir bərə,nə bir bənd.

Ömür boyu işıq var mən olan hər tərəfdə,

Qorxulu görünməsin qoy sənə bu məhəbbət.

 

Bir gün xilas yelkəni olmağa varmı gücün,

Mən bu ayrılıqların göz yaşında batıram.

Acı iztirablara təslim olmamaq üçün,

Hər dəfə ümid adlı silaha əl atıram.

 

Arzularım dilimdə söz-söz ülgüclənsə də,

İçimdə şahə qalxır hələ də coşqun sular.

Saçlarımda illərin qəzəbi güclənsə də,

Atından enməyibdi qızılqanad duyğular.

 

Dağınıq bir ömürlə bir gün qarşına çıxsam,

Bir gün qarşılaşarsaq sorma nədi bu halət.

Qoltuğumda bir şüşə əlimdə bir kirli cam,

Başımda sənnən dolu nazəndə bir səfalət