Fərhad Tapdıqoğlu - Yumorlu kəlamlar
Dərdlərim "toy" tutur mənə...bu "toya" gələn də yoxdur...
"İnamlarını itirənləri,inamları ölənləri,ümidlərini kəsənləri ,itirənləri " cəzalandırmaq üçün qanun qəbul edilsin...
=
Əvvəllər şalvarı cırılanlar narahat olardılar...
İndi cırıq şalvar ala bilməyənlər narahat olurlar .
=
İndi hər şeyin "naturalnısı " da var," kitsayskisi " də...
Elə insanların da...
İnsanların "kitayskiləri " getdikcə artır.
=
Hər oxuyan nə Molla Pənah olar ,nə də ki,məmur...
=
Mənim içimdə özlərinə yurd salan dərdlərimi qidıqlayıram ... qıdıqları gəlir,gülürlər...
=
Evdə "isladılmış kişinin " bayırdakı yağışdan nə qorxusu.
=
Tünd xasiyyəti olan qadın öz ərini çatladar...
( Tünd sirkə isə öz qabını..)
=
Elan:
Bir vəzifə "alana" biri də hədiyyə...
=
Bu siçanlara bax ee...
Elə bil yer qəhətdir onlara...
Gəlib ciblərimizdə oynaşırlar.
=
Bir yaxın yoldaş var.Deyir ki," mən öləndə ,öldüyümə
tam əmin olandan sonra dəfn edin.Birdən ayılaram qəbirdə ,qaranlıqda ürəyim partlayar."
=
Rüşvətin qarşısını almaq məqsədilə qəbul olunan qanun-qərarlar ,onun məbləğini daha da artırır.
=
Pula,vəzifəyə,yeyib -dağıtmağa yerikləyənlərdən ,sonradan yelinləyənlər də olur.
=
İnsan bekar,işsiz olanda ,onun vaxtı olmur.
Çünki bütün vaxtını bekarçılığa sərf edir.
=
Ədalətsizlik ədaləti qatı cinayətkar kimi mühakimə edərək,uzun müddətə azadlıqdan məhrum etmişdir.
=
Yuxarıda oturanlar aşağı təbəqə ilə,məmurlar ,millət vəkilləri xalqla məzələnir.
Bir yandan da gah külək,gah da yağış məzələnir bizimlə...
Məzəniz olsun...
=
Yolnan gedən qadını "yoldan çıxarmaq " istərkən ,sürücü maşını yoldan çıxarıb.
=
Bəzi qızlar alnı açıq gəzməkdənsə,qarnı,göbəyi açıq gəzməyi daha çox xoşlayırlar.
=
Kişi var, ailəsində kişidir,ailə başçısıdır,böyükdür.
Kişi var,ailədə inventar kimidir,hara qoysan orda durar.
=
Pis arvad elektrik qısa qapanması qədər qorxuludur .O təkcə öz evini,ailəsini yandırmır.
Qarşısını almasan ,qonşuları da yandırar.
=
Gələcəyin ailəsi: robot ər-arvad,robot uşaqlar...
=
Bu il deyəsən turp bolluğu olacaqdır.
Ərinin başında "turp əkən " qadınların sayı artmağa başlayıb.
=
Dünən əsən yel çox güclü idi.
Amma başımıza qoz yox,bolluca toz tökülüb...
P.S."Yel əsib,qoz tökülüb" xatırladım.
=
İnsan yaşa dolanda nəinki "qan qaynayan" vaxtı( yəni yazda),heç yayın cırhacırında belə "qanı qaynamır "
Bir kimsənin də ona "qanı qaynamır".
=
Sevgilisinin saçını həmişə öpüşlərə qərq edənin ,xörəyinin içindən bir tük çıxanda övkəsi ağzından gəlir .
=
Deyirlər :
səbri,hövsələsi çatmadı,darıxdı...
Elə insanlar üçün belə də deyirlər:
balaladı,quzuladı...
=
Keyfimə "qayıb" yazdım,dünən yox idi...
=
Qəssabların devizi:
"Əti mənim,sümüyü sənin"
=
Qadın var ki, ağları "ağ yuyub,qara sərir...
P.S."Səni ağ yuyub,qara sərərəm" xatırladım
=
Bəzən ünsiyyət qurmaq üçün dil kifayət eləmir,həm də pul gərək olur.
Pulun varsa ,çoxları sənlə ünsiyyət qurmaq istəyəcəklər.
=
Dedilər ki," yeriyəndə ayaqlarının altına bax"
Bədbəxt oğlu yol gedəndə on -on beş dəqiqədən bir dayanır,ayaqqabılarını çıxarıb,ayaqlarının altına baxır.
=
"Dinmə,danışma ,yat bala",
Yoxsa atarlar Bayıla.
=
Bir var,evdə xoruz olub ,bayırda toyuq olanlar...
Bir də var həmişə "xoruz " olanlar...
=
Bəzən isti havalarda "dodaqlarını " irəli uzadıb,"puufff" eləyib, sərinliyənlər də olur.
=
Bir toy şənliyindən:
Aparıcı müğənni açılışda oxuyur:
"Yar yaman aldatdı məni."
Gəl indi başa düş...
=
"Babası ona kor deyib",
Talan elə yığ,vur,tut,qorxma ...
Sonra da məni "gör"- deyib...
=
Belə bir deyim var:
"Xoruz olmasa ,səhər açılmır?"
Bakıda da şəhəri "xoruzlar" açır...
=
Birdən "it ağzından " çıxan gəlinlik paltarları dəbə minsə...
( cırıq-cırıq şalvarlar kimi)...