Faiq  Balabəyli  - BEZMİŞƏM

Ədəbiyyat 09:25 / 11.06.2026 Baxış sayı: 536

 

Qaşlarımın arasından

Bu düyünü kim açar

Kim yaxına gələr bir az

kim qorxar bu düyündən

bu düyündən kim qaçar?

Nə gizləninb bu düyünün

alt qatında, bilirsən?

Mən ovcumla dərd əzirəm

alnımın ortasında

sən baxırsan, ağrısından ölürsən

Mən bilirəm, ilk gündən

mənimlə bir oyun qurub

Cadu edib bu yöndəmsiz kor qarı

görmürsən ki

çiçək açmır baxçamızın ağacları?

Həm də ki heç əriməyir

sinəmizdə çarpazlanan

bu dağların ilk qarı?

Balıqçı qarmağının ucunda

taleyimi yem eləyib

dəryalara atmışam.

Nə biləydim gözlərinin işığında

mürgü vurub yatmışam.

Bunu da bil,

Arada bir diksinirəm

öz közündə yanan

samavarın səsindən.

Onda başa düşürəm ki,

deyən axı bezmişəm

təkliyin nəfəsindən.

Qonşudakı kişinin

Saralmış barmağının

arasından dua tək

qalxan tüstüsü yazıq.

Dualar yetişməyən

Allaha nə sözümüz,-

ondan da narazıyıq.

Nə gözlərim

ayaqlarımın altını görür

nə qulaqlarım səs eşidir.

Günlərin ardıyca düşüb yaşayıram

ayaqlarımla höbülləşib

ağrılarımı daşıyıram

bu da bir tale vərdişidir.