Qələbə həmişə məhəbbətindir – Vaqif Aslanın Şeirləri

Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, istedadlı şair Vaqif Aslanın bu il 75 illik yubileyidir.
Vaqif Aslan poeziyası düşündürücü, xəlqi poeziyadır. O, ədəbiyyatımızın xalq şeirinin qoşma, gəraylı, klassik üslubun qəzəl janrlarında, dramatik növün pyes janrında yazıb-yaradır. V.Aslan həyat şairidir. Yazmış olduğu şeirlərinin hər misrasında həyat həqiqətləri, qarşılaşdığı, şahid olduğu həyati motivlər öz əksini tapır. Görkəmli alim Y.Qarayev şair haqqında yazır: “V.Aslanın ədəbi yaradıcılığının əsas spesifikasının “folklor konteksti” təşkil edir”. Həqiqətən də onun əsərlərində folklor ənənələri öz əksini geniş şəkildə tapır. V.Aslan poeziyası dərin, mənalı, özünü oxucusuna sevdirən poeziyadır və bu poeziyanın geniş elmi-tədqiqata ehtiyacı vardır. (Tural ADIŞİRİN, “Özünü oxucusuna sevdirən poeziya” – Ədəbiyyat qəzeti, 22 sentyabr 2018-ci il)
Şəklini yuxuda gördüm, oyandım
Şəklini yuxuda gördüm, oyandım.
Minillik yuxudan oyanan kimi.
Elə bil, ilahi rəngə boyandım
Gün doğub, düz-dünya boyanan kimi.
Öpdüm dodağından təbəssümünü
Gözünü gözümün üstünə qoydum.
Gözləyə-gözləyə bu xoşbəxt günü
Durub səbr etməkdən doynca doydum.
Ürək necə vurar, necə vurarmış...
Tel necə oynarmış bel üzərində.
Sevənin sevilmək qisməti varmış.
Əl necə gəzərmiş tel üzərində.
Sən taxta çıxarıb məni şah etdin.
Durdun başım üstə bəxt ulduzutək.
Məni bu sevgidən sən agah etdin.
Sənin qurbanlığın mən olam gərək.
Şəklini yuxuda gördüm, oyandım.
Minillik yuxudan oyanan kimi.
Elə bil, ilahi rəngə boyandım
Gün doğub, düz-dünya boyanan kimi.
24.05.2024
Məni tapşır
Özünə tapşır məni, küsüb özgələşməsin.
Qızıb öfkələşməsin.
Gözünə tapşır məni, görüb kölgələşməsin.
Ayaqlarına tapşır, məni görüb qaçmasın.
Dilinə tapşır məni, sirrimizi açmasın.
Əlinə tapşır məni, əlindən almasınlar.
Yalandan can-can deyib hay-həşir salmasınlar.
Səni əli boş görüb nağara çalmasınlar.
Qaşına tapşır məni, çatılıb sallanmasın.
Qulaqlarına tapşır, hər sözə aldanmasın.
Sən həmişə mənimsən, amma sən mənsiz olma!
Ya heç dünyaya gəlmə, ya da ki, heç doğulma!
03.06.2024
Var
Sənin qanadların var, sənin pərvazların var.
Çəm-xəmlərin bir yana, həm də naz-nazların var.
Gözəlsən, söz yox sənin gözəlliyinə, könlüm.
Amma uzundan-uzun, tez-tez “bir az”ların var.
Başıma yer istəsəm, yeri göstərərmisən?
Çəmən seyrinə çıxsam, seyri göstərərmisən?
Könül xoşluğundakı xeyri göstərərmisən?
Bəlkə, elə sadəcə şirin avazların var?
Mənə səndən müqəddəs ocaq da yox, pir də yox.
Aramızda bir elə sehr də yox, sir də yox.
Mənə “yox” deməyərsən, qadan alım, bir də “yox”.
Demirdinmi, qız, mənə nəzir-niyazların var.
Məndən dilənçi çıxmaz, səndən də nəzir çıxan.
Bizlərdən uzaq olsun qəlb yıxan, ürək sıxan.
Burdan baxanda gördüm, açılıb bir az yaxan
Ört, qadasın aldığım, şaxtan, ayazların var.
Qız, sənə göz dəyməsin mənim gözümdən özgə.
Yandırmasın köz səni mənim közümdən ğzgə.
Kim səni sevə bilər məntək özümdən özgə?
Könlümün tellərində çalınan sazların var.
Səndən bir ”hə” alınca min dəfə candan oldum.
Neçə dəfə can verib, neçə dəfə doğuldum.
Neçə dəfə qəhərdən göz yaşımda boğuldum.
Sən hesab elədin ki, Kürün, Arazların var.
Sən ki, səxavətlisən, səxavətin hanı bəs?
Qıyımsızlıq edərmi sevən kəs, sevilən kəs.
Min dəfə tutdum boğaz, səndən çıxmadı bir səs.
Yalvarışla tutulan çoxmu boğazların var?
09.06.2024
Mən Sənəm, Sən Mənsən,..
Bizim aramızda sərhədlər itib.
Keçid məntəqəsi dağıdılıbdır.
Umular-küsülər qurtarıb, bitib.
Gileylər, güzarlar axıdılıbdır.
Mən Sənəm, Sən Mənsən,.. Şükür Allaha!
Bizə çox görməsin birliyimizi.
Bizim əlimizdən almasın daha
Bu ərki, bu bərki, kürlüyümüzü.
Mərifət, təriqət yolunu seçdim…
Şəriət, həqiqət səndədir, gülüm.
Sevgilər adladım, sevgilər keçdim…
Sevənlər günahsız bəndədir, gülüm.
Küsməyin, susmağın, dodaq büzməyin
Nazından, qəmzəndən, işvəndən gəlir.
Adamı sınayıb ürək üzməyin
Mənim dözümümə, axı, tən gəir.
Neynim ki, əriyib qurtaranadək
Ayağın altında axacağam mən.
Urəyim dayanıb, duran anadək
Sənə sevə - sevə baxacağam mən.
Ölsəm, göz yaşları axıtma, oldu?
Tək bir təbəssümün mənim bəsimdir.
Nə olsun, bu dünya şairlə boldu
Amma batmayan səs mənim səsimdir.
Bir ağ gül taxarsan yaxana hərdən
Qəlbin sərinləyib olar buz kimi.
Qeybdən nəğmələr oxuyaram mən
Sən də bərq vurarsan, bərq ulduz kimi.
10.06.2024
Mənə etibarın yox isə əgər
Mənə etibarın var isə əgər
Mənə etibarın yox isə əgər
Əl vermə, əlinlə adam vuraram.
Dil vermə, qəlb qirar,
könül qıraram.
Yol vermə, yolunda gəlib duraram.
Mənə etibarın var isə əgər
Gəl, açıq danışaq, bu-mən, bu da-sən.
Kimdir məndən artıq sənə cangüdən?
Mənə etibarın yox isə əgər
Görüsək, öpüşək, ayrılaq, digəl.
Mənə etibarın var isə əgər
Mərd ol, mərdanə ol, çıxarma əngəl!
12.06.2024
Hanı etibar?
Baxıram, görürəm haçandan bəri
Tez-tez dəyişirsən “cangüdənləri”.
Bu nə etibardır, mənim əzizim.
Nə vaxtdan ayrılıb yolumuz bizim?
Əlinin əlimə etibarı yox.
Dilinin dilimə etibarı yox.
Nə əl ləzzət alır, nə dil dad bilir.
Gözünün gözümə etibarı yox
O da məni görür, amma yad bilir
Özünün özümə etibarı yox.
Üzünün üzümə etibarı yox.
Bilənlər “yox”ları adbaad bilir.
Nə əl ləzzət alır, nə dil dad bilir.
Gözün mənə baxır, amma yad bilir.
12.06.2024
Qələbə həmişə məhəbbətindir
Çoxdandır ağzından sözlərin düşür
Düşüncə başlayır sükut erası.
Mənimsə üstümə göylər sürüşür
Sanki yoxa çıxır söz sferası.
Gör, nələr görürəm mən bu həyatda
Sevgi də olarmış nəzarət altda.
Hər yanda dost-doğma nəzarətçilər...
Səni qoruyurlar bu qarətçilər.
Məktəbə gedirsən nəzarət altda.
Məktəbdən gəlirsən nəzarət altda.
Əcəb dincəlirsən nəzarət altda.
Nəzarət altında yuxulayırsan
Nəzarət altında oyanan da –sən.
Deyirlər qızıl gül qoxulayırsan
Güzgü qabağında dayananda sən.
Kimdən qoruyurlar səni, bilmirəm?
Bu nə nəzarətdir, yəni, bilmirəm?
Güdür kimdən kimi nəzarətçilər?
Kiminsə gözündən güdürlər bəlkə?
Bəlkə də, bəlkə də bu qarətçilər
Səni öz-özündən güdürlər, bəlkə?
Qohumlar, dost-doğma nəzarətçilər
Əlini cızası kol axtarırlar.
Gözə kül üfürən bu qarətçilər
Könlünə girməyə yol axtarırlar.
Cənnət qapısıdır könül qapısı
Onu nəzarətlə açmaq çətindir.
Sevgiylə yapılıb onun yapısı
Qələbə həmişə məhəbbətindir
14.06.2024
Sən mənə sözünü çoxdan demisən...
Sən mənə sözünü çoxdan demisən...
Mən onda anadan olmamış idim.
Mən atam belindən anam bətninə
Axıb damcı-damcı dolmamış idim...
Sən mənə sözünü çoxdan demisən...
Onda sən özün də doğulmamışdın.
Cənnətdə şeytanın sözünə uyub
Mənimlə birlikdə qovulmamışdın.
Tanrı dəftərində var idik amma...
Bir gün yerüzünə biz düşəsidik.
Burda nə sir vardır, nə də müəmma...
Vaxtımız çatanda görüşəsiydik.
Görüşdük... Dayandıq qabaq-qabağa...
Necə kip oturduq bir-birimizə!
Qoy canım canına olsun sadağa...
Sevənlər sevgiylə baxsınlar bizə.
Sən mənə sözünü çoxdan demisən...
Biz həmən o sözdən doğulanlarıq.
Yarı –sən, yarı-mən... nə var ki, burda?
Həmən o söz ilə var olanlarıq.
Var olub yarına yar olanlarıq.
Yar olub yarıdan yarılanlarıq.
Harda ki, çıxarıq qabaq-qabağa
Bir olub, qol-boyun sarılanlarıq!
15.06.2024
Bir yol digər yolun başlanğıcıdır
Bir yol digər yolun başlanğıcıdır.
Nə sənlik bir iş var, nə də ki, mənlik.
Bu dünya haqq-hesab meydançasıdır...
Bizimki, sadəcə, bir yolötənlik.
Nə qədər könlünə yatsa da bir yol
Özün hiss edirsən, çatırsan sona.
Dost, çıxma özündən, bir az sakit ol!
Yoluna davam et, kor baxma ona!
Sən elə sanma ki, yol səndən qaçır...
Sən qaçma, getdiyin yolu inandır.
Sənə Taleyazan özü yol açır.
Üstünə yeriyən dağı dayandır!
Nə olsun, çatmısan yolun başına...
Qarşında yenə bir yol var, təntimə!
Çıxacaq könlünün könlü qarşına...
Küləklər əsəcək sənin səmtinə.
Onun da tini var, döngələri var...
Dönmə döngələrdə, tinlərdə azma!
Bu, sevda yoludur, gör, nələri var.
Yoluna çıxanı bağrına basma!
Ondan sonrakı yol vüsal yoludur...
Ləngimə, dayanma, durma, gəl, daha!
Sanma ki, könüllə dünya doludur...
Öz könlün aparır səni Allaha!
Əyil öz könlünə, ürəklə əyil!
Dayan qarşısında, baş əy ər kimi.
Hər könül könlüntək ərköyün deyil!
Öpüb göz üstə qoy son dəyər kimi!
15.06.2024
Şahmat oynayıram
Şahmat oynayıram yenə zamanla...
Udsa, bu oyunu zaman udacaq.
Üz-üzə durubdur yaxşı yamanla
Kim udsa, and olsun, yaman udacaq.
Onsuz da çoxalıb pislər, kötülər...
Bürüyüb aləmi nəfsitilər.
Onları doydurmur xaşlar, pitilər
Onlar udduğunu tamam udacaq.
Bu insan dediyin yeyir hər nə var...
Nə namus bilinir, nə vicdan, nə ar!
Əfilər, boalar, anakondalar
Heç kəsə vərməyib aman, udacaq.
Biri o birini haman udacaq!
Kim udsa, and olsun, yaman udacaq!
15.06.2024
Küsənim mənim
Səbəbsiz, nədənsiz, niyəsiz yerə
Məndən inciyənim, küsənim mənim.
Sevdalı adama nə bənd, nə bərə?..
Xəyalı göylərdə gəzənim mənim.
Yadından çıxdımı qəsəmin, andın?
Yada-yalanamı yenə inandın?
Mənə zülm elədin, de, nə qazandın
Əlimi əlindən üzənim mənim?
Getsən də, yolunda duran deyiləm.
Kimsənin bürcünü buran deyiləm.
Səninlə ülfəti qıran deyiləm.
Səliqəm, sahmanım, düzənim mənim.
Sən belə deyildin, nə oldu sənə?
Salamı-kəlamı çox gördün mənə.
Baxa da bilmirəm çölə, çəmənə...
Soluxub zanbağım, süsənim mənim.
Yaxşı tanımadın Vaqif Aslanı...
Sənsiz neynəyirəm bu adı, sanı?
Ayağın altına töküldü qanı..
Kəsərkən əlləri əsənim mənim.
06.07.2024