Aida Adıgözəl : - Darıxanda söylə

Biraz narın çisəyə, biraz həzin yağışa,
darıxanda dərdini pıçılda buludlara.
Görsən islanmamışam, bəlkə də duymamışam,
mütləq ki gətirəcək, söylə gur leysanlara.
Mən gülü çox sevirəm, hələ çöl çiçəklərin,
hələ çobanyastığın, ağappaq ləçəklərin.
Xallı "Fatma ananın", bəzəkli böcəklərin
içində axtaracam, söylə baldırğanlara.
Qabağına nə çıxdı, söylə nəyə inansan,
dumduru şehə batsan, sümüyəcən islansan.
Əlin mənə çatmasa, korun-korun odlansan, yenə də anlayacam, söylə lal gümanlara.
Havadan anlayacam, qurudan anlayacam, yağışlı gölməçədən, lil sudan anlayacam.
Sənin nəyinə lazım hər hardan anlayacam,
söylə, kimə gəldi de, filan-beşməkanlara...
Darıxanda dərdini pıçılda buludlara,
darıxsan anlayacam, inan ki anlayacam...