Nüsrət Kəsəmənli -  DƏLİ BİR AĞLAMAQ KEÇİR KÖNLÜMDƏN...

Ədəbiyyat 12:37 / 03.02.2026 Baxış sayı: 506

 

Yüyürüb, yüyürüb dərə boyunca

Düşüm çəmən üstə qoy, üzüqoylu,

Öpüm bu torpağı,

öpüm doyunca;

Üzümə üz qoysun hər soyuq daşı,

Qoy şehə qarışsın gözümün yaşı...

Qurumuş bulaqlar içir könlümdən,

Dəli bir ağlamaq keçir könlümdən.

Könlünə dəydiyim,

incitdiyim qız,

Vüqar kölgəsində yatdığın bəsdir,

Odlu yanağından su içdiyim qız,

Bu qədər günaha batdığım bəsdir.

Daha dodaqların titrəməsin qoy,

Mən sənin qarşında titrəyim, əsim,

Səndən dünyaları istəmirəm, yox,

Məni bağışlasan bəsimdir, bəsim,

Yan desən,

Alışıb yana bilərəm.

Don desən,

Yerimdə dona bilərəm!

İndi bilmişəm ki, ömür-gün gedir,

Ən gözəl hislərim köçür könlümdən,

Qayıt!

Sən ömrümə təzəlik gətir,

Dəli bir ağlamaq keçir könlümdən.

Çoxdan qəbristana düşməyir yolum,

O tənha məzarı ot basıb bəlkə.

Mənim soyuqluğum, laqeydliyim

Onun sinəsinə od basıb bəlkə.

Bir daş var gözümün yaşına həsrət,

Dayanıb o giley heykəli kimi.

Əlim torpağına, daşına həsrət,

Yıxılıb üstünə mən dəli kimi

ağlayam gərək.

O tənha məzarı torpaqdan üzüb

Ovcumun içində saxlayam gərək.

Şöhrətin üstünə yüyürdükcə mən

İstəklər, arzular köçür könlümdən.

Sevgi dumanına büründükcə mən,

Dəli bir ağlamaq keçir könlümdən.

Küləklər oynayıb kənd evimizdə,

Tale baş götürüb apardı məni.

Hörümçək tor qurub pəncərəmizdə.

Həsrətim çırpınır o torda mənim.

Yarasa boylanır uçuq tavanda,

Bükülmüş dirəklər çat-çat olubdur.

Qorxudan divarın bağrı yarılıb,

Qapılar çoxalıb dördqat olubdur.

Gedim divarına yalvarım onun,

Gedim, qapıların qatı açılsın.

Gedim mən sonuncu dirəyi olum,

Tavanlar çiynimə barı uçulsun...

Daşı daş üstünə qoyum təzədən,

Dəlisov küləklər əsir könlümdə!

Elə kövrəlmişəm,

bilmirəm nədən

Dəli bir ağlamaq keçir könlümdən...