Fərhad Tapdıqoğlu  yazdı - Mətləbimiz Mətləb

Gündəm 11:03 / 03.02.2026 Baxış sayı: 687

Şəhidlərimiz

 

May ayı idi.Laləli,sarı çiçəkli ,yaşıl donlu yaz aylarından biri.Dədə -baba qırxyarpaq qızılgüllərin ətri adamı bihuş edirdi.

Beş yaşlı Aybəniz bir neçə quzunu qabağına qatıb ,otarmağa aparırdı.O yaxın qonşularının yolağasında dayanıb ,həmyaşıdı olan oğlanı səslədi:

--Qaqa,ay qaqa ...

Səsə uşağın anası çıxdı:

--Nədi aaz? ...

Nə qaqa? Sənin qardaşın yoxdur.Mənim oğluma qaqa demə.O səninlə getməyəcək.

Aybəniz ağlaya-ağlaya evlərinə qayıdıb anasına qonşu arvadın dediklərini çatdırdı .Anası Gülüstan onu qucaqladı:

--Ağlama qızım,ağlama.-dedi.Sənin də qaqan olar inşallah .

... Gülüstanın ekiz qızları hələ bir neçə aylıqlarında ölmüşdü.Ardınca Sumara,Aybəniz ,Xalidə,Güllər dünyaya gəlmişdilər.

Gülüstanın 6-cı qızı Güllər nənəsinin adını daşıyırdı.

Gülüstan yenə bir neçə aylıq hamilə idi.Qız uşaqları doğmasını çoxları ona töhmət edirdi.

Bu yandan da qonşunun balaca Aybənizə "sənin qardaşın yoxdur" deməsi ona çox pis təsir elədi.

Bir neçə dəqiqə sonra ailənin başçısı İmanverdi evə qayıdarkən, onun qarşısını qonşuluqda yaşayan bacısı kəsdi:

--Əə ,İman arvadın Gülüstan yenə hamilədir.Altı qız doğub,bəlkə bu dəfə də qız oldu,neyləyəcəksən əə?-dedi.

İmanverdi:

--Olarsa ,qoy olsun.Allah qızların ruzusun da verər-deyərək uzaqlaşdı .

Aybənizin könlünü alan İmanverdi də əslində oğul atası olmaq istəyirdi.Amma susurdu.

Aybənizin nənəsi Güllər nənə:

--Bala,sən bir quzu qurban de ,ananın oğlu olsun.Mən əhd edirəm ki,bu dəfə nəvəm oğlan olsun ,itin zəncirini boğazıma keçirib,it kimi hürəcəm-deyib nəvəsi balasa Aybənizi sakitləşdirdi.

Aybəniz yenicə otuxan balaca qara quzunu qurban dedi.İmanverdi də bir cöngə qurban demişdi.

Bir neçə gün sonra kəndlərindən olan iki qadın Gülüstanın qarşısını kəsib "sənin heç vaxt oğlun olmayacaq,qız doğacaqsan"- demişdilər.

Gülüstan artıq bezmişdi.Rayon mərkəzinə gedib boyunda olan çağanı abort elətdirmək istəyirdi.Amma İmanverdi razı olmurdu.Ona görə də Gülüstanın pasportunu gizlətmişdi.

Gülüstan bu tənələrə ,töhmətlərə dözə bilməyib,intihar etmək istəyirdi.

Elə bu fikirlə evdən çıxıb,Yuxarı Yağlıvənd kəndi tərəfə yön alır.Köndələn gölünün qırağında dayanıb,ağlamağa başlayır.Bu zaman həmin kənddən olan ər-arvad ona yaxınlaşıb qolundan tutur,kənara çəkirlər.

Gülüstanı fikrindən daşındırıb ,evlərinə aparırlar.

Arvadını axtaran İmanverdi soraqlaşa-soraqlaşa onu gəlib həmin tanışlarının evində tapır.

Gülüstan yenidən uşaqlarının yanına qayıdır.

O bir dəfə də falçı yanına gedir.Yaşll qadın olan falçı ona deyir:

--Allah səni mətləbinə çatdırar inşallah.

...Bir neçə ay ötür.1966-cı il dekabrın 22-də ,qış fəslinin başladığı gün İmanverdi kişinin ocağında Günəş doğur,oğlu dünyaya gəlir.

Valdeynlər,qohumlar -hamımız mətləbimizə çatırıq. Körpənin adını Mətləb qoyurlar.

Deyirlər ki," oğul kökə çəkər,qız südə.Oğul pirdir,qız sirr.Oğul baş ucalığıdır,qız üz ağlığıdır.

Oğlan düşmən çəpəridir,dünya məhəbbətidir, qız Allahın əmanətidir."

İmanverdinin qapısında iki cöngə,iki qoç qurban kəsilir,əti kənd camaatına,hətta qonşu kəddə yaşayanlara da paylanır.

Aybənizin artıq böyüyən qara quzusu da bu qurbanların içərisində idi.

Mətləbin dünyaya gəlişi toy-bayrama çevrilir.

...Mətləb böyüyürdü. İmanverdi o illər çox dəbdə olan bir val alıb,"Rekord" radioqəbuledicisində tez-tez oxudurdu.

Sözlər Süleyman Rüstəmin idi:

"Həyatın bəzəyi,şərəfi məncə,

Deyildir nə ipək ,nə tirmə oğlum,

Yaxşıdan yaxşı ol,ellər içində,

Dilinə yalan söz gətirmə oğlum.

...........

Oxu öyüdümü ,sən sətir-sətir,

Hər zaman dilindən qoy yağsın ətir,

Dövlətini itir,varını itir,

Amma duz- çörəyi itirmə oğlum"

Mətləb dəfələrlə bu "Ata nəsihətinə "diqqətlə qulaq asmışdı...

...İbtidai sinfi Füzuli rayonunun doğma Divanalılar kəndində,ardını isə Qacar kəndində oxudu.

Dərslərini yaxşı oxuyurdu.Tarix fənnini daha çox sevirdi.Torpaqlarımızın za man-zaman parçalanıb azalmasından çox məlumatlı idi.Orta məktəbi bitirən Mətləb ali məktəbə qəbul ola bilmədi.

Hərbi xidməti Lənkəranda,tank batalyonunda başa vurdu.

Gürcüstanda serjantlıq kursunda oxudu

1990-cı ilin sentyabr ayında o zamanki milis orqanlarında işə düzəldi.

Milis orqanlarında işləyən Mətləb həm də rəsmi şəkildə ,müqavilə ilə hərbiçilərin sırasına qoşulur.

Mətləb bir dəfə qrup rəhbəri kimi döyüş dostları ilə kəşfiyyata gedir.Divanalılar kəndindən təxminən dörd kilometr məsafədə yerləşən "Haçagədik" postunda düşməndən doqquzunu məhv edir,birini isə girov götürürlər .

Girov götürdükləri isə xalqımızın ünvanına təhqiredici sözlər deyib,söyüşlər söydüyündən yolda öldürülür.

Mətləb dəfələrlə kəşfiyyata gedir,qiymətli məlumatlar toplayır, gətirir,postda isə sayıq keşik çəkirdi.

1992-ci ilin aprel ayında

düşmənin Qacar kəndinə hücumu zamanı öndə gedir.

Mətləbi Yağlıvənd kəndindən olan bir nəfər arxaya keçirib ,özü önə keçir və əməliyyat zamanı o şəhid olur.

Mətləb həmişə deyirdi ki," mən şəhid olmalıydım,o oldu.Mən sağ qaldığım üçün ona borcluyam.Təəssüf ki,şəhid olan həmin insanın adını dəqiqləşdirə bilmədim.

Həmin döyüşdə də Mətləb şücaət göstərir,"hay" lardan bir neçəsini məhv edir.

Təxminən iki ay sonra isə...

"Hamı üçün vaxt qiymətlidir.Təmiz adam üçün namus vaxtdan,hətta həyatından qiymətlidir"

Bu müdrik insanların birinin dedikləridir.

Xocalı faciəsindən bir neçə gün sonra Mətləb milis dostları ilə Xocavənd rayonunun kəndlərinin birində postda keşik çəkərkən ,düşmənlərdən bir neçə nəfər Xocalı sakinlərindən olan yeniyetmə qızı anadangəlmə ,lüt şəkildə onlara göstərib gülürmüşlər.

Mətləb bu alçaqlığa dözməyib avtomatın darağını boşalda-boşalda düşmən tərəfə gedir.Qızı xilas etməyə getməsinə etiraz edən milis yoldaşlarına "o qız hamımızın bacısıdır,bizim namusumuzdur"- deyir.

Yoldaşları da ona qoşulurlar.

Əclaflar qızı qoyub qaçırlar.

Mətləb üst ,qalın geyimini ( buşlatını) əynindən çıxarıb qıza geyindirib,müəyyən məsafəni onu kürəyinə alıb ,bir maşının sürücüsü ilə danışaraq ,Füzuli rayonuna, xəstəxanaya çatdırır.

...Mətləb hələ Tiflisdə serjant kursunda oxuyanda bir gürcü uşağını selin ağuşundan xilas etmişdi.

( Kəndimiz işğal olunandan sonra həmin uşağın valideynləri Mətləbin şəhid olduğunu eşidib,gəlmək istəsələr də,vəziyyətə görə onları sərhəddən buraxmayıblar)

Mətləb uşaq vaxtlarından nənəsi Gülllərin yanında oturub,onu diqqətlə dinləyirdi:

--"Mən yeniyetmə qız idim.

1910-cu il idi.Doğma Yuxarı Divanalılar kəndində yaşayırdıq.Qadınlar,uşaqlar kəndi tərk etsələr də,başqa kişilərlə bərabər ,mən də qardaşlarımla kənddə qalmışdım.

Bədirxan kişinin bağında tut ağacına çıxıb tut yeyərkən güllə səsi eşitdim.27 yaşlı qardaşım

Muxtar qoz ağacının yanında yerə sərildi.Mən ağacdan hoppanıb ,bir neçə metrlikdə olan hadisə yerinə yüyürdüm.Artıq Muxtar canını tapşırmışdı.Mən Muxtarın altından tüfəngi çıxarıb,Məşədi Cümşüdün tağbəndinə güllələr yağdırmağa başladım.Bu zaman 30 yaşlı qardaşım Abış "Qatardaşı " deyilən yerdə idi.O Muxtarın tüfənginin səsini tanıyıb,əyilə-əyilə kənd qəbiristanlığı tərəfə qaçır,"Ağmöylə " ocağına girir,güllə səsi kəsiləndə ,mənfur düşməndən yeganə sağ qalan birinin qolunu çiynindən kəsib buraxır ki, həmişə xatırlasın.

Mən o zaman haylardan beşini gəbərdib ,cəhənnəmə vasil eləmişdim."

Mətləb istər kəşfiyyata gedəndə ,istərsə postlarda keşik çəkəndə ,istərsə də döyüşə atılanda nənəsinin dediklərini xatırlayır,düşmənə nifrəti birə-beş artırdı.

...1992-ci il iyunun ayının 28-i bizimkilərin hücum planı hazırlanmışdı.

"Qırmızı bazar" və "Yuxarı Veysəlli " əməliyyatları başlandı.Atəş,texnika səslərindən qulaq tutulurdu.Mətləb də döyüşürdü.Polkovnik Ovçıyev Əlləz yaralananda Mətləb onu döyüş meydanından çıxarmağa gedir və onu da ayağından vururlar.

Döyüş dostları Mətləbi aparanda düşmən gülləsi yenə də onu tutur,indi isə qarın nahiyəsindən ciddi yara alır.

Mətləb: "Məni aparın ,amma yaralandığımı papama deməyin ,bilməsin "-deyir.

"UAZ"markalı maşın kəndin içindən keçərkən Mətləb oturacaqdan başını qaldırıb,kəndimizə baxır.

Onu Qaraxanbəyli kəndindəki hospitala çatdırırlar...

Mətləbin anası Gülüstan həmin gün şəhidimiz Təbiət Rüstəmovun Yuxarı Yağlıvənd kəndində keçirilən yas məclisində idi.Orada bir nəfərdən eşidir ki,Mətləb yaralanıb.

Gülüstan maşın yoluna çıxır.Kəndçimiz Balaca kişi qızı Gülarə ilə ( qardaşım Asifin həyat yoldaşı) rayon mərkəzinə gedirlərmiş.

Gülüstanı da götürüb ,Qaraxanbəyli hospitalına aparırlar..

Bu zaman hospitalda olan milis işçisi İslamdan( dayım nəvəsi,o da 1993-cü ildə şəhid olub) Mətləbin harada yatdığını soruşur.

İslamın dili tutulur.Gülüstanı Mətləbin cansız cəsədinin yanına aparır...

Mətləb artıq yox idi...

Mətləbimiz Mətləb artıq yox idi...

Gülüstan ana fəryad edir...

Yoox,mən bu səhnəni yaza bilmirəm...

Mən Mətləbin dəfn mərasimində iştirak etdim.Orada olan zabitlərlə söhbət elədim.

Uğursuz döyüş əməliyyatı barəsində məlumat aldım.

Texnika ilə Qırmızı bazar,Sos,Çartaz ,Yuxarı Veysəlli kəndlərinə gedib çıxan hərbçilərimiz orada bir nəfər də olsun düşmən görmədiklərini dedilər.Ancaq əmr alıblar ki," geri qayıdın".

Yəqin ki,nə vaxtsa bu "sirrlər "də açılacaqdır...

Mətləb kənd qəbiristanlığında dəfn olundu.

Deyirlər ki,bu dünyaya gəlib gedənlər ,sonradan dünyaya gələnlər üçündür.

Mətləbin həyatından öyrəniləsi çox şeylər var.

Dahilərdən biri deyib ki,"qəhrəman olmaq üçün bir an kifayətdir.Layiqli insan olmaq üçün bir ömür lazımdır".

Mətləb 26 illik ömrünü çox ləyaqətlə yaşadı.

Qış fəslinin ilk günündə dünyaya göz açdı Mətləb,bir kənd daxmasına Günəş doğdu.

Yay fəslinin ilk həftəsində isə Günəş söndü...

Mətləbin 26 yaşının tamam olmasına hələ 5 ay qalırdı.

Mən onun həm Qarabağ müharibəsində,həm də milis orqanlarında göstərdiyi igidliklərdən xeyli faktlar sadalaya bilərəm.

Ancaq onun insanı keyfiyyətlərindən daha çox yazmağa üstünlük verirəm.

Bəli,şəhidlik uca zirvədir.O zirvəyə həm də gözəl xasiyyətlə ,gözəl davranışla ,gözəl xarakterlə ucalmaq ikiqat şərəflidir.

Yaşadığı qısa ömür ərzində hamının sevimlisi olmağı, hörmət qazanmağı hər kəs bacarmaz .

İnsanı dörd şey hörmətli edər:

doğru danışmaq

ədəbli olmaq

elmli olmaq

xoş xasiyyətli olmaq.

Mətləb yalan danışanları sevməzdi.Sözü üzə şax deyən,doğru danışan idi.Ədəb-ərkanı da öz yerində.Ədəb-ərkanlı olması,insanın qəhrəman olmasını deyil,alçaq əməllərdə iştirak etmədiyi təəssüratını yaradır.

Mətləb sadə insan idi

Hər şeydə- xasiyyətdə də,davranışda da ən böyük gözəllik sadəlikdir.

Zəhmətkeş idi.

Mərd idi.

Nəfsi tox idi Mətləbin."Nəfs elə bir şeydir ki,onu özbaşına buraxsan,alçaqlığa meyl edər,bataqlığa batar.Amma cilovlayıb ,istiqamət versən fəzilət yüksəkliyini fəth edib ,kamala çatarsan"

Mən Mətləb barəsində onun qardaşı və bacılarının dediklərini qeyd etməyi daha vacib bilirəm.

1968-ci ildə Mətləbin qardaşı Əbdürrəhim dünyaya gəldi.Ardınca Nəzakət və Ağca.

Əbdürrəhim də polis orqanlarında işləyib.Qarabağ müharibəsində topçu olub.Bir dəfə yaralanıb,qazidir.İndi təqaüddə olan Ədürrəhimin oğlu İmanverdi də polis orqanlarındadır.

Əbdürrəhim deyir:

" Mətləb çox dürüst idi.Bir dəfə ona yalan danışdığıma görə məni tənbeh etdi,sonra cəzalandırdı.Mağazadan,bazardan bir şey alanda pulun qalığını qəpiyinə qədər qaytarardı.Mərd idi,qorxmaz idi qardaşım"

Mətləbin bacısı Aybəniz danışır:

" Bir az boş vaxtı olanda həyətyanı sahəni kol-kosdan təmizləyir,belləyirdi.

Mətləb nəinki ata-anamızın ,hətta biz bacıların yanında siqaret çəkməzdi.

O təxminən beş yaşında olanda həmyaşıdı olan bir qızı "sevirdi".O qızların birinin "oktyabyat" nişanını aparıb həmin qıza verib,özünə " nişanlayır".

Mətləb və həmin qız böyüdükcə ,aralarında əsil sevgi yaransa da,bir nəfər "mərdimazarlıq" edir,hər şey pozulur.

İndi həmin qız ailəlidir,hətta nəvələri var.

Mətləbin adı gələndə göz yaşlarını saxlaya bilmir."

Bir dəfə Mətləbin atası Sumqayıtdan ona bir dəst kostyum,bir köynək alıb gətirir.Amma Mətləb onları götürmək istəmir ki ," mənə yox,qızlara al,onlar daha yaxşı geyinməlidirlər".

Mətləbin yeganə dostu ,ondan iyirmi yaş böyük olan, mənim rəhmətlik böyük qardaşım Barat idi.Barat onunla şit zarafat edəndə,Mətləbin acığı gələrdi.

...Mətləbin bacısı Xalidənin dediklərinə kövrəlmədən qulaq asmaq mümkün deyildir:

"Mən iki ilə yaxın idi ki,Mətləbi görmürdüm.Onunla son görüşümüz elə Sumqayıtda, evimizdə olmuşdu.Mən onu bəylik kostyumunda görmədim.Qardaşım bəylik taxtında oturmadı.

Kəndimizdə bir toyda sağdış idi.Gözləyirdik ki, məclisin sonunda bəy sağdış soldışı ilə mağara gəlsin .Bu zaman toyda dava düşdüyündən onu da görə bilmədim."

Hıçqırır Xalidə...

Mətləb toyda oynamağı çox xoşlardı.Toyların birində məclis sovulmaq üzrə ikən Mətləb "stolbaşı padşahdan xahiş edir ki, "Sabir əmi,nolar icazə ver bir dəfə də oynayım"

Oynadı,qəşəng oynadı Mətləb...

Sonuncu dəfə bizə,Hacı Zeynalabdin qəsəbəsinə 1990-cı il "20 yanvar" faciəsinin ertəsi günü gəldi...və bir daha gəlmədi...

...Mətləblə eyni ildə anadan olmuş Güllər( Güllər 1966-cı ilin yanvar ayının 30-da ,Mətləb isə həmin ilin dekabrın ayının 22-də anadan olmuşdu) ağlaya-ağlaya danışır:"Həmin gün 1992-ci il iyunun 28-də qəflətən ürəyimdə bir kəskin ağrı hiss etdim,sanki güllə dəydi mənə.

Həmin an Mətləbi vurmuşdular.Biz eyni ildə anadan olduğumuzdan sanki ekiz idik.O ağrıyanda mən də ağrıyırdım.

Beş-altı kilometr məsafəni Qacar kəndinə məktəbə gedəndə onun məktəbli çantasını həmişə mən götürürdüm.

İkinci qızım Nisəni daha çox istəyirdi.O anadan olanda da hədiyyə almışdı.Rayon mərkəzindən işdən evə qayıdanda, çox zaman bizə Dövlətyarlı kəndinə Nisəni görməyə gələrdi.Özü də paylı-püşlü...

Deyirdi ki,Nisəni qızlığa götürəcəm..."

Aybəniz yenidən söhbətə qoşulur:"Toxmaçarlığın bir küncündə ,boş sahədə bizdən xəbərsiz pomidor şitilləri əkib becərirmiş.

Əlli-yüz metr aralıda axan çaydan vedrə ilə su daşıyıb ,şitillərə verərmiş.Biz bunu o şəhid olandan iki həftə sonra bildik.Onun qırx mərasimindəki ehsan pomidorları onun əkib,becərdiyi pomidorlar idi".

Nəzakətdən də qardaşı Mətləb barəsində soruşdum:

" Mənim qardaşım,qəhrəman qardaşım Mətləb bütün yaxşı qardaşların ən yaxşısı idi"- dedi.

Ailənin son beşiyi,1974-cü il təvəllüdlü Ağca danışır.

Ağca bizim mamamız ( bibimiz) ,Seyid Həmid babanın həyat yoldaşı Ağcanın adını yaşadır.

Ağca:"Qardaşım ağır təbiətli idi.Həmişə evə qayıdanda mən qaçıb qapını ondan əvvəl açardım.Kiçik yaşlarımda onunla yatardım

Mən xəstələnəndə ata-anamın yox,onun üstünə qaçardım.Ehh..doğmadıq qardaşımlzdan" - yanağından üzüaşağı göz yaşları axır Ağcanın.

Ağcanın ekiz uşaqlarından birinin adı Mətləbdir.O ailədə bir Mətləb böyüyür...

...Mətləb nəslimizin Mətləbi idi...Mətləbimiz Mətləb idi...

Çoxlarına həm də insani keyfiyyətləri ilə nümunə idi Mətləb.

...Mətləbin böyük bacısı,dörd oğul anası Sumara 1987-ci ildə süd vəzi xərçəngindən dünyasını dəyişib.

İmanverdi kişi 2015-ci ilin mart ayında haqq dünyasına qovuşub.

Ömrünün sonuna qədər övladları görməsin deyə bir küncə qısılıb hıçqiran Gülüstan ana 2016-cı ilin yanvar ayında vəfat etdi.

Mən yazını tamamlayana yaxın Aybəniz də şəkər xəstəliyindən bu dünya ilə vidalaşdı .

2020-ci ilin noyabr ayının 7-də kəndimiz,Füzuli rayonunun Aşağı Divanalılar kəndi işğaldan azad olundu.

Mətləbin qardaşı Əbdürrəhim,ailəsi ,bacılar ailələri ilə dəfələrlə onun məzarını ziyarət edib,güllərlə bəzəyib,göz yaşları ilə suvarıblar...

Mən və digər qohumlar da kənd qəbiristanlığında uyuyan Mətləb,Surxay və digər şəhidlərimizin qəbirləri önündə diz çökmüşük...

İllər,onilliklər keçəcək Mətləb və Mətləb kimi oğullar xatirələrdə yaşayacaqlar.

"Şəhidlər ölmür"-deyirlər.

Mətləbimiz Allahverdiyev Mətləb kimi şəhid oğullar ölmürlər...