"Nurəli mənə kömək eləyir" - yazdı Fərhad Tapdıqoğlu

YAZARLAR 09:57 / 04.02.2026 Baxış sayı: 471

 (Olmuş əhvalatlardan)

 

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yaşayan Oktay və həyat yoldaşı səhər saat onda vacib işləri olduğu üçün Bakıya getməyə hazırlaşırdılar.

Oktayın həyətində dostu Telman bu zaman qaynaq işləri görürdü.

Oktay Telmana deyir:-

--Telman ,oğlum Nurəli məktəbdə ikinci növbədə oxuyur.Nəzarət elə ki,o dərsə gecikməsin,vaxtında getsin.

Telman:

--Yaxşı,narahat olma-cavab verir.

...Məktəbə getmək zamanı çatanda ,Nurəli Telmana yaxınlaşır:

--Telman əmi,mən bu gün məktəbə getmək istəmirəm.Nolar,atama deyərsən ki,"Nurəlini mən qoymadım məktəbə getsin,mənə kömək eləyir"

Telman Nurəlinin xahişinə gülsə də:

--Yaxşı narahat olma-deyərək ,işinə davam edir.

...Oktay həyat yoldaşı ilə şəhərdən qayıdanda Nurəlini Telmanın yanında dayanmış görürlər.

Oktay oğlunu tənbeh edir:

-- Niyə məktəbə getməmisən?

Telman başını aşağı dikən Nurəliyə baxaraq:

--Oktay ,mən qoymadım.Nurəlini mənə kömək eləmək üçün saxladım- deyir .

Oktay təbii ki,dostuna inanmır,məsələnin nə yerdə olduğunu təxmin etsə də heç nə demir...

Beləliklə, Telman balaca Nurəlini atasının danlağından qurtarır...)))

...İllər keçir,Nurəli hərbi xidməti başa vurub ,evlərinə dönür.

Telman da dostu Oktaya gözaydınlığı vermək,Nurəlini görmək üçün onlara gedir.

Arada Nurəlini kənara çəkib deyir:

--Yadındadır,sən məktəbə getməmişdin.Mən atana dedim ki,guya mənə kömək eləmək üçün qalmısan.Sən mənə o zaman bir xoruz söz vermişdin ha...

Nə vaxt gəlim aparım?

Nurəli təəccüblə Telman əmisinə baxır,amma heç nə demir...

Telman evinə qayıdır,"Jiqulinin " baqajını açanda orada ayaqları bağlı iki xoruz görür...