Nənə, nağıl danış - Almaz Xanlarova
(Hekayə)
Zeyn inanırdı ki, nənəsi onu hamıdan çox istəyir. Çünki bunu özü demişdi. O da bilirdi ki, nənəsini dünyalar qədər istəyir. Onsuz bərk darıxırdı. Hətta televizorda nənəsinə oxşayan birini görəndə kövrəlirdi.
O çox istəyirdi ki, nənəsi onlara gəlsin, qalsın, lap çox qalsın.
Amma nənə onlara elə gec-gec gəlirdi ki, buna "gəlir" deməyə adamın dili dönmürdü. Hələ üstəlik qalmırdı da. Zeyn hər dəfə atasına yalvaranda ki:
— Nənəmi gətir, bizdə qalsın...
Anası sözlü adam kimi susurdu, çünki bilirdi ki, nənənin tək bir cavabı olacaq. Cavabı da bu olurdu:
— Özünüz bilirsiniz ki, mən başqa yerdə qalmıram.
Nə isə... Zeyn nənə sarıdan öz evlərinin yetimçiliyini həmişə hiss edirdi. Xüsusi ilə də həyətdə nənələri ilə gəzən uşaqları görəndə. Evə gəlib anasından soruşardı:
— Ana, deyirsən ki, nənələr öz evlərindən aralananda xəstələnirlər. Bəs Maşanın, Səmanın nənəsi niyə xəstələnmir?
Anası bu suala cavab verə bilməyəndə kədərlə Zeynin atasına baxardı.
Zeyn artıq məktəbə gedirdi. İndi nənəsini lap gec görürdü. Çünki dərslərindən qalıb onlara gedə bilmirdi. Şənbə-bazar günü olardı, onda da atası deyirdi:
— Vacib işlərim çıxdı.
Zeyn öz-özünə təsəlli verirdi:
— Eh, eh, eh qoy böyüyüm, özüm gedəcəm nənəmgilə.
Qəribə uşaq idi Zeyn. B
ir dəfə beş yaşında olanda anasından soruşdu:
— Ana, nənəm qocadır?
Anası dedi: — Hə.
Gördü Zeynin dodaqları büzüşdü, gözləri doldu, tez sözünü dəyişdi:
— Yox, ay bala, hələ qocalmayıb.
Zeyn dedi: — Ana, istəmirəm nənəm qocalSın. Axı deyirlər, adam qocalanda ölür, hə? Gəl elə edək ki, nənə qocalmasın. Xəstələnməsə, qocalmaz, hə?
"Yox" cavabını eşidəndə üzü gülərdi.
Və o gündən Zeyn kimdən nənəsini görüb xəbər alsaydı, soruşardı:
— Xəstələnməyib ki?
Amma bir dəfə qulağına çatdı ki, nənəsi xəstələnib. Anası gedib onlarda qalmışdı. Zeyn bilmirdi neyləsin. Uşağın gözlərinə elə bir kədər çökmüşdü ki, baxan o gözləri yaşlı adamın gözlərinə oxşadardı. Həm də gözlərində itirmək qorxusu vardı.
"Nənəm xəstələnibsə, qocalıb. Qocalıbsa deməli..."
Yox, yox...
"Eybi yox, qoy bizə gec-gec gəlsin, gəlib qalmasın, amma bilim ki, nənəm var, həmişə olacaq."
Bir gün Zeyn məktəbdən evə gələndə həyətdə uşaqlar ona dedilər:
— Nənən gəlib!
Zeyn təngnəfəs pillələri qalxdı. ... Həyətdə maşın dayandı. Bir-iki nəfər düşüb ikinci mərtəbəyə qalxdı. Bir az keçdi geri qayıtdılar:
— Evdə yoxdur, — dedilər maşındakı qoca arvada.
Cavab gəldi:
— Nolar, gedək qonşudan soruşaq, bəlkə bilər nə vaxt gələcəklər.
Zeynin anası qapını açanda dəhlizdə bir qarı gördü.
— Axşamın xeyir, ay bala, bilmirsən bizimkilər hardadır?
— Yox, ay xala, gəl içəri, sən Allah. Nə vaxt gələrlər, gələrlər.
Beləcə, Zeyn gələndə onların evində nənə vardı.
Anası qapını ona açan kimi Zeyn içəri yüyürdü:
— Nənəəə...
Özgə nənəsini görüb tutuldu.
Amma Arastə arvadın:
— Can nənə, sənə qurban olum, ay bala... — deyib qucaq açaraq ona tərəf gəldiyini görəndə atılıb arvadın boynunu qucaqladı, üz-gözündən öpdü, onun boynunu buraxmadı.
Arastə nənə gəldiyi uzaq yolun yorğunluğunu, yad evdəki narahatçılığı unutdu. Elə bil öz nəvəsinin evinə gəlmişdi. Bayaqdan ehtiyatla baxdığı dərin kresloya arxayınlıqla çökdü. Arxası üstə düşüb ayaqlarının yerdən aralanması Zeyni güldürdü. Uşaq gülməkdən uğunub nənənin boynunu qucaqladı. Arastə nənə onun üzündən bir də öpdü.
Başladı suallar, nə başladı...
Zeyn çoxdan ürəyində nənəsinə verəcəyi sualların hamısına cavab tapmaq istəyirdi. Arastə nənə də elə bil yorulmurdu. Beləcə, nənə ilə Zeyn "öz dillərində" xeyli dərdləşdilər.
Gecəyarı Arastə nənənin oğlugil — Zeyngilin qonşuları — qayıdıb gəldilər. Kimsə nənənin Zeyngildə olduğunu demişdi.
Oğlu bir az tərəddüdlə qapının zəngini basdı. Axı bu qonşu ilə heç əməli-başlı gediş-gəlişləri olmamışdı. Qapını Zeynin atası açdı:
— Gəl içəri, ay qonşu, gəl. Neçə ildir qonşuyuq, amma bir-birimizin evinin kandarını tanımırıq. Yenə Arastə nənə sağ olsun.
Zeynin sevincindən hamıya pay düşmüşdü. Atanın da üzündə uşaq təbəssümü vardı. Kandarda azca ləngiyən oğul da yüngülləşdi, ərklə içəri keçdi.
Bir azdan bu evin xoş hay-küyü həyətdən eşidilirdi.
— Əşi, bir Qarabağlılığımızı göstərək, ay qonşu. Tarım var, gətirim çalım. Səsin olmamış olmaz. Ananı, sizi gördüm, kənd-kəsəyim yadıma düşdü.
Zeyn sevincək nənəni qucaqladı:
— Nənə, ay nənə, bu gün bizdə qalacaqsan, hə?
Nənə bir anlığa duruxdu. Oğluna baxdı. Zeynin anasının gözlərindəki itirmək qorxusunu gördü. Uşağı bağrına basdı:
— Qalacam, ay bala, qalacam. Nənən sənə qurban.
Çaldılar, oxudular, çörək kəsdilər.
Nənənin gəlini gəldi:
— Ay ana, gəl gedək. Camaat da öz evində dincəlsin.
Bu söz Zeyni üşütdü. Büzüşdü. Rəngi şaxtaya düşən adamın rənginə döndü.
— Nənəəə...
— Sizdə qalacam, bala. Nənə qurban, qalıram.
Nənə gəlinini, oğlunu dəhlizə apardı. Nəsə dedi. Onlar yarıkönül getdilər.
Zeyn bunları görmürdü. Çünki yerindən tərpənməyə ürək eləmirdi. Elə bil onu tək otağa salıb qapını kilidləmişdilər. O da gözləyirdi ki, kimsə gəlib bu qapını açacaq.
Və nənə geri qayıdıb deyəndə ki:
— Ay qızım, yerimi Zeynlə bir sal...
Zeynə elə gəldi ki, bundan başqa dünyada heç nə arzulamayıb.
Yerinə girdi. Arastə nənənin də onun yanında uzandığını görən kimi nənəyə sığınıb onun boynunu qucaqladı. Pıçıltıyla dedi:
— Nənə, mənə nağıl danış...