Öz-özünə alışan dərd - Rəfail Tağızadə

Ədəbiyyat 18:51 / 08.06.2026 Baxış sayı: 277

Öz-özünə alışan dərd

Dəyirmanda dən üyüdən,

dərdimi üyüdərsənmi?

Qalmışam mən qəm əlində,

qəmimi kürüyərsənmi?

Yollar azıb xəzəl altda,

bilmirəm yolum haraya,

əlac qalıb xəyallara

gəlib saçımı daraya.

Öz-özünə alışan dərd

içimdə təndir qalayır,

yeyir məni için-için

sıxıb bağrımı talayır.

Əllərimə əl uzadan,

əlimdən barmaq tökülür,

sinəni sinəmə sıx,

kükrəyən köksüm sökülür.

Dəyirmanda dən üyüdən,

dərdimi üyüdərsənmi?

Qalmışam mən qəm əlində

qəmimi kürüyərsənmi?