Fərhad  Tapdıqoğlu - Kəlamlar

YAZARLAR 09:12 / 07.06.2026 Baxış sayı: 374

 

Gözəl,bitkin fikir söyləmək istəyən adam ,çoxlu söz ehtiyatına malik olmalıdır.

Fikrin qidası sözlərdir.

=

Missiyaları insanlığa xidmət etməkdən ibarət olanlar ,ən zəngin insanlardır .

=

Çox dil bilən insanlardan çox, hər kəslə dil tapıb,onun "dilində " danışmağı bacaranlar,daha dəyərli,tərifəlayiq insanlardır.

=

Yataqda qurcalanan sonda şirin yuxu tapar...

Həyatda qurdalanan sonda nəsə bir şey yapar...

=

Böyük insanların hamısı sadə insan olmaya bilərlər.

Amma sadə insanların hamısı böyük insanlardır.

=

Göz yaşlarını gizlətmək üçün yağışın altında gəzənlər də olur.

=

Ağılsız,səviyyəsiz insanla mübahisəyə son qoymaq üçün "siz doğru deyirsiniz,haqlısınız " deyib uzaqlaşmaq ən düzgün çıxış yoludur.

=

Mənəvi zəngin insanların düşüncələri bəsit ola bilməz.

Təbii ki,onların düşüncələri də zəngindir .

=

İnsanın özünün özünə verdiyi ən böyük əzab,onun heç bir iş görməməsidir.

=

Hər şeyə laqeyd olan insanın ruhunun sağlamlığı şübhəlidir.

=

Həyatda çox bacarıqlı adam,özünə inamı çox olan adamdır.

=

Yuxusuna haram qatan insanın halal qazancı çox olar.

P.S.Haramı ancaq yuxuna qatsan,halal qazancına yox.

=

Yemək dostuna sənin isti ürəyin deyil,ona isti xörəyin gərəkdir.

=

Saralıb torpağa düşən yarpaq qocalıb,əldən düşmüş zəif,kimsəsiz qoca kimidir.

Külək yarpaqları qovub ,ora-bura çırpır,həyat da qocanı...

=

Soyuqdəyməni çıxaran tərdi,

Sağlam ailənin özəyi arvaddı, ərdi.

=

Hər "açıq alında","açıq üzdə" biz görmək istədiyimiz ağlıq,açıqlıq,saflıq,paklıq olmur...

=

Əgər bir-birləri üçün darıxmaq yoxdursa ,qarşılıqlı, səmimi münasibətlərdən söhbət gedə bilməz.

=

Qarşılıqsız ,birtərəfli münasibətlərdə qarşı tərəfdən təmənna ummazlar .

=

Bəzən insanın müəyyən anda geriyə atdığı bir addım,onun sonradan neçə addım irəli getməsinə təkan verir

=

Dostluq sona,bitməyə doğru gedirsə,deməli bir -birlərinə inamsızlıq,etibarsızlıq başlayıb.

=

Səslərinin "yoğun yerinə " salıb danışanlar,savadda da,gücdə də zəif olan insanlardır.

=

İnsanların kədərli günlərində göz yaşları axıdanlar ,əsasən özlərinin dərdləri olan insanlardır.

=

Qüvvətli olmağın hardasa müəyyən anda karına gələr...

Üstəlik bilikli də olsan ,həmişə özünə də,başqalarına da gərəksən...

=

Əgər bir insanın sinəsində sevgi,məhəbbət bolluğu olan ürək adlı döyünən bir sərvət,dövlət varsa ,o çox saf,təmiz adamdır.

=

Əvvəllər zəhmli kişilər sərt baxışları ilə tənbeh edərdilər...

=

Əgər getdiyin yollar daşlı- kəsəklidirsə,özün təmizlə,başqalarına çox bel bağlama ...

=

Başı gəzdirən ayaqların ölçüsünün heç bir əhəmiyyəti yoxdur .

=

Özünü yola verməyi bacaran adam,başqasını da sözsüz yola verəcək.

=

Sadəlik gözəllik olsa da,ifrat sadəlik artıq gözəllikdən çıxıb,eybəcərliyə aparır...

=

Bir ayaq üstə durmağınan çəkin azalmaz.

=

Qışqırmaq,ağlamaq,vay-şivən qoparmaq ,heç də həmişə içdən yanmaqdan yaranmır.

=

Tək özünə deyil ,başqalarına da ( övladlarına,yaxın insanlara...) "gün ağla"...

Sən dünyanı dəyişəndə ,bəlkə onlardan sənin üçün ağlayanlar ola...

=

Boğmaq,öldürmək ağır cinayət olsa da, nəfsini boğmaq ən böyük hünərdir,mükafatdır.

=

Haramla yavanlıq edənlərə yavan da haramdır .

=

Savab qazanmaq üçün yaxşı,xeyirxah iş görə bilməsən də, heç olmasa pis işin qarşısını almağı bacarmalısan.