Səhər Əhməd - Şairlər hələ sağdı
Yenə bahar naz eləyir,
Gah gəlir, gah qayıdır.
Yenə ağac pıçıltıyla
Tumurcuğu oyadır.
Yenə Günəş gülümsünür,
Yenə dəniz fikirli.
Yenə fələk öz işində
Yenə zaman məkrli.
Yenə yağış nəğmə deyir,
Yenə külək züy tutur.
Yenə sabah gəl-gəl deyib
Bu günlərə toy tutur.
Yenə adamlar həyata
Vaxt hesabı uduzur.
Yenə hamı qayğılıdı,
Yenə hamı narazı.
Yenə Tanrı bağışlayan,
Yenə bəndə uşaqdı.
Peyğəmbərlər çoxdan ölüb,
Şairlər hələ sağdı.
“Qaz lələyi qanun yazır”,
Haqsıza kam aldırır.
Yenə ümid yol azdırır,
Arzu adam öldürür.
Hamam hamam içindədi,
Xəlbir saman içində.
Doğru sual altındadı,
Gerçək duman içində.
Minarələr dua edir,
Məscidlər namaz qılır.
Yenə hesab düz alınmır,
Yenə yerdə az qalır.
Alimlər hey kəşf eləyir,
Yenə müşkül açılmır.
Bədbəxtliyin müalicəsi,
(“Xoşbəxtliyin qafiyəsi”)
Tapılmır ki, tapılmır.