Nazim ƏHMƏDLİ - EŞQ YOXSA, KÖNÜL DEMƏ
06.08.2026. Oslo.
Ox atdım, suya düşdü,
nə var, oxun yerində;
tor atıb söz tuturam,
suyun axın yerində;
üzüm qovrulub, gedir,
ruhum yorulub gedir;
külü sovrulub gedir,
dərd, ocağın yerində;
örüşdə naxır qalıb,
qazanda paxır qalıb;
bir qara çuxur qalıb,
buz bulağın yerində;
ömrüm yol əziyidi,
yolum gül əziyidi;
dünya öləziyibdi,
dərdin yaxın yerində;
qönçələr düymə-düymə,
məni gizlicə öymə;
könlüm səndədi, dəymə,
gəlim baxım, yerində;
eşq yoxsa, könül demə,
dərd çəkdim min il, demə;
bir od düşüb könlümə,
canım yanğın yerində