Əlizadə Nuri - Sonuncu seans

Ədəbiyyat 13:09 / 06.08.2026 Baxış sayı: 533

 

Hamı bir- birini

atıb gedəcək,

Hamı, hamı tək öləcək.

Son çiçəyin yuxusunda

son ağ kəpənək öləcək.

Bu dünyada pəncərələr

örtüləcək pərdə- pərdə.

Öləcək son ümidlər də.

Bu dünyanı qan tutacaq,

Neçə yetimin əlləri

neçə yaxadan tutacaq...

Bəlkə çoxu sağ öləcək?

Ağacın son budağında

sonuncu yarpaq öləcək.

Dəryaları su boğacaq...

Milyon- milyon adamları

eyni bir arzu boğacaq.

Su da susub, axmayacaq,

Söz də sözə baxmayacaq.

Quruyacaq dərdimiz də-

gözümüzdə yaş öləcək.

Təkcə torpaq sağ qalacaq

qaya sınıb, daş öləcək.

Bütün sirlər açılacaq,

ən sonuncu sirr öləcək.

Tanrının sözü bitəndə

sonuncu nöqtəni qoyub

Sonuncu şair öləcək.

...Çəkib qucağına son pərvanəni,

sonuncu gecənin şamı öləcək.

Hamı yıxılacaq öz taleyindən

hamı yıxılacaq...

hamı öləcək.