Ayaz Arabaçı - AĞLADIR
Boşaldıqca xatirələr sandığı,
Üzə çıxır gizlədiyi,dandığı,
Bir baxışdan alışdığı-yandığı,
Köz adamın anasını ağladır.
Dərd deyil ki,qəm-qüssənin çoxluğu..
Dərd odu ki,könül tapmır toxluğu,
Bəzən olur bir adamın yoxluğu,
Yüz adamın anasını ağladır.
İstəyirsən odda uzan,suda yat,
Qəlbimizə Tanrı uzaq,Xuda yad..
Biirsənmi canım-gözüm,bu həyat,
Düz adamın anasını ağladır..
Nə qaldı ki,bağrımızı oymayan,
Kim qaldı ki,yarı yolda qoymayan,
Timsah kimi heç bir şeydən doymayan,
Göz adamın anasını ağladır..
Bir kötüyə min dəyərli baş gəlib..
Allahların gözlərindən yaş gəlib..
Ona-buna tulladığı daş,gəlib,
Öz adamın anasını ağladır.
Nə dedim ki,deyilməmiş təzə,mən.
Üstəlik də durub gəlim gözə mən..
Adam bildim könül verdim sözə mən,
Söz adamın anasını ağladır.