Əlisəfa Azayev - QORXULU OYUNCAQ
Axşam qatarının yola düşməsinə hələ bir neçə dəqiqə vardı. Elşad maşın almaq üçün şəhərə gedirdi. Yanında bir dəstə pul vardı. Özü də hamısı yüzlük. Onları dəstələmə halında cəmləmiş, sonra da ortadan rezinlə bağlamışdı ki, tərpənməsinlər. Ancaq hərdən narahat olur, pulu çıxarıb baxır, yerini tarazlayırdı.
- Olarmı?
- Buyurun...
- Sizin də yeriniz buradadı?
- Hə...
Hər ikisi yumşaq yerli vaqonun aşağı mərtəbəsində yer almışdı. Qızın çox da yaşı olmazdı. Yerini rahatlaya-rahatlaya ona qıyğacı, nəzərlə baxmaqda idi. Olduqca kök, dolu, gonbul bir qız idi... Onunla gün keçirmək olardı. Qız onunla maraqlananda dedi:
- Nişanlıyam...
- Bəs siz?..
- Mən altı ayın gəliniyəm... Ərim həbsxanadadı. Elə indi də onun yanına gedirəm.
- Bu çox pis...
Qızın bu sözləri ona pis təsir elədi. Arada düşüb stansiyadan yol üçün ondan-bundan da aldı. Qıza təklif etdi:
- Buyurun...
- Oy...– Qız adamın qəlbinə nüfuz edən bir səslə əzildi-büzüldü, – nə əziyyətdi çəkmisiniz?.. Özüm ondan-bundan götürmüşdüm...
- Nolar ki?!. Bunu da yeyin...
- Görürəm, xeyirxah adama oxşayırsınız. Bəlkə, sonra...
- Dönərdi... Sonra soyuyacaq, yeməli olmayacaq...
- Nə yaxşı... Elə ürəyim istəyirdi...
- Elə isə lap yaxşı...
Beləcə bir-biriləri ilə söhbətləşməyə başladılar. Qız dönər yeyə-yeyə dedi:
- Ancaq daha özün bilərsən... Mənimlə yaxın olmaq heç də yaxşı deyil.
- Niyə?! – Oğlan təəccübləndi.
- Ərim qatil... Özüm də xatalı oyuncaq...
Seyfəl dərin fikrə getdi:
- Ərin kim öldürüb ki...
- Qonşunu...
- Bəs sən niyə özünü belə adlandırırsan?
- Başsız qadınam da... Həyat məni çox erkən yaşımda ehtiyac içində qoydu, pis yola saldı...
Oğlan yenə də qızın bu iki başlı danışığından, söhbətindən bir şey anlaya bilməsə də dedi:
- Yox, heç də pis qıza oxşamırsınız.
- Bir az qəddaram...
- Bu hamıda az-çox var da...
- Məndə xüsusilə...
Qız, həqiqətən də, yaşına görə deyildi. Hiss olunurdu ki, öz söz-söhbəti ilə oğlanı daha da özünə yaxınlaşdırır, çəkirdi... Bir sözlə, əsl qadın gözəlliyi, zərifliyi, cazibəsi qələbə çalmaqda idi... Oğlan ona yaxın əyləşəndə dedi:
- Sizin adınızı heç bilmədim.
- Elə bilməsəniz yaxşıdır. Onsuz da bir neçə saatdan sonra ayrılacağıq.
- Yox, adınızı deyin...
- Üz vurmayın...
- Bu olmadı ki...
- Daha niyə inciyirsən?! Adım Lamiyədi.
- Gözəl addı... Sanki bir şirinlik hiss edirsən...
- Hə...Nənəm qoyub. Hamı belə deyir.
Əslində isə qız heç öz adını deməmişdi. Oğlan da bunu haradan bilərdi ki... Adını soruşmaması isə onu lap heyrətləndirsə də, daha bir söz demədi. Bunu qızın əsil-nəcabətliliyi ilə yozdu, xarakterizə elədi, onu ağır qız bildi. Ancaq bir azdan onun dediyi sözlər oğlanı diksindirən kimi oldu:
- Əlini bəri ver, baxım...
- Nəyinə?..
- Elə içinə, cizgilərə...
- Bunlar bəyəm bir şey deyirmi?
- Əlbəttə ki...
Qız zərif əlləri ilə oğlanın bir qədər cod, qabarlı əllərini tutmuş, hərədən onları lap ovxalayır, sığallayırdı... Oğlan üçün onun bu hərəkətləri xoş olsa da,həm də narahatçılıq yaradırdı... Qonşu arakəsmədən kiçik bir oğlan uşağı hərdən onlara tərəf baxır, gülümsəyirdi.
Bu ara qatar tərpəndi... Uzun, yorucu yol başladı. Arada bələdçi hərəyə bir dəst təmiz ağ verdi, çay təklif elədi... Bütün hallarda qız birinci olmağa çalışdı, səy göstərdi... Sanki bu hərəkəti ilə oğlanı daha da özünə yaxınlaşdırır hipnoz edirdi. Hətta bayaq yediyi dönərin, içdiyi suyun da pulunu hesaba alıb qaytarmağa səy göstərdi:
- Siz haradan qazanırsız ki?
- Taksi sürücüsüyəm...
- Bilmirik bu pulu hansı əziyyətlə qazanırsınız?!
- Olsun da...
- Yox...
- Daha bu olmadı ki...
Qızın hesablayıb, stolun üstə qoyduğu pul hələ də orada idi. Hərdən açıq pəncərədən külək vuranda az qalırdı ki, onu göyə qaldırıb aparsın. Oğlan dilləndi:
- Götürün bu beşliyinizi...
- Höcətlik etməyin.
- Bir də ki, onların pulu heç bu qədər deyil.
- Olsun da... Onda pulun qalığını qaytararsınız.
- Deyəsən, siz lap xırdaçılın birisiniz.
- Hə də pulunun qədrini bilən. Bütün milyonerlər belə varlanıblar da. Kasıbı kasıb edən elə onun parakəndəliyi, israfçılığı, dəqiqsizliyidi.
- Siz iqtisadçısız?
Qız gülümsədi:
- Elə eləbir şeydi... Mühasibatlığı qurtarmışam.
Oğlan ona baxdıqca xoşhal olurdu. Qız, həqiqətən, gözəl idi. Düşünəndə ki, o cəmi altı ayın gəlini olub, neçə aydı ərsizdi... Onun qəlbi döyünür, varlığını həzin bir narahatçılıq bürüyür, qanı coşurdu... Bir anda hərarəti xeyli qalxmış, yanaqlar qızarmışdı. Qız soruşdu:
- Nə pörtmüsən belə?!
- Qatar... İçəri istidi...
- Qatar yox, vaqon... Bizə məxsus bu vaqon...
- O birilər sərindi?
- Bəlkə də... Kim bilir...
Bu söhbətdən sonra sanki aralarında bir uçurum, sərinlik yarandı. Bir müddər susub qaldılar. Qız ədalı kimi görünür, öz arqumentlərini diqtə edirdi. Bu da oğlana xoş gəlməyən kimi oldu. Səsləndi:
- Bir papiros çəkim...
Yerindən qalxanda qız dedi:
- İstəsəniz elə buradada çəkə bilərsiniz... Mənə maneçiliyiniz yoxdur.
- Nə danışırsınız?!. Yox... Tamburda çəksəm yaxşıdı...
Qatar bələdçisi bu arada pürrəngi çay gətirdi. Qız oğlanı səslədi:
- Ey... Oğlan... Gəl...
Bəlkə də, qız onun adını soruşmamasına indi peşman idi. Gələndə dedi:
- Adınız nə oldu?
- Seyfəl...
- Bir ad deyil...
Oğlan bir söz demədi. Tutqun kimi idi. Elə bil ki, gözəl bir qızın onunla beləcə məzələnməsi, bu qədər yaxına buraxıb, sonra da uzaqlaşması onu əzən kimi olmuşdu. Özü dilləndi:
- Yaxşı, heç demədiniz... Əllərimin cizgiləri sizə nə dedi?..
- Çox şey...
- Məsələn...
- Siz ki, bunlara inanmırsınız...
- Siz deyin də...
- Allahın böyüklüyünü, varlığını, vahidliyini anlamayan bir adama dərs verməyin nə adı?!. Oğlan incik halda dilləndi:
- Məni təhqir etməyin... Siz özünüz nə peşə, sənət sahibisiniz?
- Mən çox... Dərzi, modelyer, cizgiçi.
- Pəh-pəh... Əcəb peşələrin var.
- Məni lağ edirsən?..
- Yox... Elə-belə deyirəm də... Sən məni təhqir eləmədin?!.
- Səni elə yaralayaram ki, ömrü boyu yeri sağalmaz...
- Bax ha...
- İstəyirsən yerimi dəyişim...
- Gözüm aydın, dəyişirsən dəyiş də...
Oğlan gedib bələdçi ilə danışdı. Razılığa gəldilər. Çantasını götürüb getmək istəyəndə qız, onun əlini tutdu, dilləndi:
- Kişi ol, ə...– dedi, – sənin hələ nə yaşındı... İndidən hər sözdən beləcə incik düşürsən...
Qız bu an gülümsər halda ona elə yaxın dayandı, ona elə baxdı, əlini elə istiqanlılıqla sığalladı ki... Canına sanki isti bir od düşdü, yanıb-yaxılmağa, istilənməyə, hərarətlənməyə başladı. Hətta dedi:
- Sənə soyuq olub...Bu gecə səni ovxalayaram...
- Zəhmət çəkməyin... Ehtiyac yoxdur...
- Görürəm də... Beləcə qızarmısız, pörtmüsüz... Bu da soyuqdəymənin əlamətlərindəndi də...
- Yox...
- Bəs sizə nolub onda belə?
- Heç özüm də bilmirəm.
Qız sanki bütün arzularına çatmışdı. İstədiyi nə idi, o da olurdu. Əlindəki telefona baxa-baxa gülümsədi:
- Bax, sizə dedim... Xəbərdarlıq etdim də... Mənimlə ehtiyatlı olun... Xatalı oyuncağam...
Qızın elə gözəl, təravətli sifət, yaraşıqlı gözləri, zərif, lətafətli dodaqları vardı ki, hər dəfə ona tərəf baxanda udqunur, köks ötürürdü... Oğlan istər-istəməz dilləndi:
- Xatalı oyuncaq...
- Hə... Mən beləyəm... Gördüz sizi bir anda necə haldan çıxardım.
- Deməli, bütün bunları qəsdən elədiz?
- Yox...
- Bəlkə, elə əriniz də belə haldan çıxartmısınız, gedib qonşunu öldürüb...
- Ola bilər... Bəlkə də... Ancaq xahiş edirəm, bu barədə danışmayaq...Təsirlənirəm... Mənə pis təsir edir.
- Təsir edər də...
Arada qız o qədər telefona baxıb güldü ki, oğlan da onun yanına keçəsi oldu:
- Qoy mən də baxım...
- Əyibdi...
- Necə olur?!. Siz baxırsız əyib olmur, mən baxanda əyib olur.
- Yaxşı, bax da... Nə deyirəm ki?!
Telefonda seks mənzərələri göstərilirdi. Bu vaxtı qızın əli oğlanın əlinə toxundu... Bir-birilərinin əllərini sıxdılar... Sığallaşdılar...Arada imkan tapıb yaxınlaşdılar... Nəfəs-nəfəsə qaldılar...Öpüşdülər... Qız dedi:
- Sənin hələ çətin günlərin qarşıdadı. İstəsən hər şeyi sənə öyrədərəm?
- Nəyi?!.
- Elə qadınla, qızla davranış qaydalarını... Hələ, çox kalsan... Yetişməmiş meyvə kimisən.
Oğlan incik halda pıçıldadı:
- Harda?.. Burada?.. Yorğan altında?
Qız onu ərkəyana qapazladı. Çox da güclü yox, elə-belə əda ilə. Sanki demək istəyirdi ki, o, artıq hər şeyə hazırdı. Ancaq oğlan üçün hələ də sirr idi ki, belə bir qız niyə beləcə tezcə təslim olur. Yenə də bunu gəlinin ərsizliyi, nə vaxtdan bəri tək qalması ilə bağladı.
Saat on ikidən sonra artıq onlar yatmışdılar... Özü də bir yerdə... Qızın hərdən pıçıltısı eşidilirdi:
- Yavaş... Ehtiyatlı ol... Ora yox...
- Bəs hara?..
- Sən nə korafəhimsən... Belə çətin evlənərsən... Sənə biri lazımdı elə... Təcrübə keçsin...
- O da sən...
- Bir neçə saatdan sonra ayrılacağıq.
- Ünvan verərsən.
- Çətin... Deyəsən içmisən.
- Hə... Bir az... Bayaq restoranda.
- Kişilər hamısı belədi də. İt iyi vurursan... Həm papiros,həm də spirt...
- Çaxır içmişəm...
- Olsun da...
Səhərə yaxın qonşu arakəsmədən baxan oğlanın səsi eşidildi:
- Ata... Mən qorxuram...
- Nədən?
- Oradakı adamın dört ayağı var.
Atası onu sakitləşdirdi:
- Sakit ol oğlum. Qatarda belə tərbiyəsizlər olur... Yerlərini dəyişik salıb, başqalarına ortaq olurlar... Birlikdə yatırlar...
Onlar bu sözlərdən pərt halda ayıldılar. Bir-birlərinə xoş olmayan nəzərlə baxaraq səsləndilər:
- Bu sözlər sənə deyilir...
- Yox, sənə...
Qız incik halda çantasını götürüb gedəndə, oğlan ciblərinə nəzər saldı. Pulları yerində yox idi. Səsləndi:
- Dayanın... Mənim pulum.
- Başdanxarab! – deyə qız onu qınadı, – sənin pulun kimə lazımdı?!.
Söz-söhbətə, səs-küyə qatar polisi də gəldi. Araşdırma, yoxlama aparanda, pul sumkadan çıxmadı. Qız səsləndi:
- Həddiniz bilin! Sizin mənə toxunmağa haqqınız yoxdur.
Oğlan dilləndi:
- Görürsüz də... Elə bundan şüphələnmişəm...
Bələdçi bir qız çağırıb onu bütünlüklə yoxlasalar da, oğlanın pulları tapılmadı. Polis leytenantı bir daha soruşdu:
- Nə qədər pul idi?..
- İyirmi beş ədəd yüzlük... Maşın almağa gedirdim.
- Bu barədə qıza bir söz demişdin?
- Yox...
- Elə isə qızlıq bir iş yoxdur.
Sonra da ona işarə etdi ki, gedə bilər. Oğlana isə göz elədi ki, yerindən tərpənməsin. Öz peşəsinin sirli qəribəliklərinə baş vurdu. Qızı sərbəst buraxmaqla istədiyinə nail olmaq istədi və düşündü: “Pulu o götürübsə, gizlədibsə, indi arxayın halda götürər...Qoy tələsməsin, götürsün, onu bir də yoxlayarıq...”
Qatarın mənzil başına az qalmış baş leytenant qızın olduğu istiqamətə addımladı. İlahi, o, yerində yox idi. Ancaq tələsik getdiyi üçün döşək çevrikmiş halda qalmışdı... Yanı, tikiş yerləri də sökülmüş halda... Sanki oradan tez-tələsik nəsə götürülmüşdü.
Baş leytenant sanki həyəcan siqnalı verdi:
- Qız aradan çıxıb... Qatar dayananda gözdə-qulaqda olun... Mən qatar rəisinə də bildirim...
Qatar stansiyaya daxil olanda, dayananda hamı əl-ayağa düşdü. Yerli polis də köməyə gəlmişdi. Bu an Seyfəlin həyacanlı səsi eşidildi:
- Baxın! Odur!... Tələsir!.. Xatalı oyuncaqdı! Tutun onu!..
Həqiqətən də, pullar qızdan çıxdı. Bu dəfə elə yerinə qoymuşdu ki, həqiqətən də, ora kişi əli ilə nüfuz etmək etikaya zidd idi. Bələdçi qızlar köməyə gəldi. Qız utanmadan dilləndi:
- Yerə düşmüşdü... Götürdüm...
Həyasızlığı lap son həddə çatdı:
- Havayı verməyib ki... Mən də onun qulluğunda olmuşam...
Baş leytenantın susduğunu görüb, dedi:
- Bir işdi olub da, yola verin... Ərim də həbsdədi...
Ərinin həbsdə olması vəziyyəti bir qədər yüngülləşdirsə də, etdiyi əməl, hərəkətləri ürəkaçan deyildi: Onlar da cəncəl yaratmaq istəmədilər. Ziyan çəkən yox idi, pul bütünlüklə qaytarılmışdı. Baş leytenant yazmaq istədiyi protokolu hirslə kənara tulladı. Oğlandan soruşdu:
- Sənin necə, bir incikliyin yoxdu ki?
- Hələ bir olsun da...
Sonra isə qız baş leytenanta tərəf baxaraq dedi:
- Çox sağ olun... Sizin necə... Könlünüz şirin şey... Buterbrod istəmir ki?!.
Bu an zabit özünü saxlaya bilməyib onu vurdu. Qız şapalaq dəyən üzündən əli ilə yapışaraq dilləndi:
- Kaş elə vaxtında bu şillələrdən mənə çox dəyəydi. Yoxsa indi belə bəd əməllərimə görə ortalıqda qalmazdım. Ərim yazığın da təqsiri yox idi. Onu oğurluğa mən şirnikləndirdim. Araya qan düşdü, o, həbs olundu...