Könül Nuriyeva - Əgər noyabr başlayanda
Əgər noyabr başlayanda,
yəni payızın tən ortasında,
ürəyin sıxılsa, darıxsan,
yağışa baxmağa qorxsan,
mən gələn yollara baxsan,
bəlkə ürəyim yumşalar, gələrəm…
Əgər öz uydurmalarına inansan,
yenə də boş mübahisəyə başlasan
əgər dəyişməsən, eyni cür qalsan,
əgər yenə də həyatındakı yeganə insan
sənin ucbatından kədərlənsə,
yəni, sən onu ağlatsan,
ürəyimə daş bağlaram, gəlmərəm.
Əgər bircə dəfə başını qaldırsan,
mənim gözlərimə deyil, göyə baxsan,
əgər şükr etməyi bilsən, desən ki,-
sən nə gözəl Allahsan!
Əgər sevsən dənizi,
əgər qum üzərində çəksən əl izi
əgər güllərlə bəzəsən yolu- rizi,
bəlkə, ürəyim yumşalar, gələrəm…
Əgər yenə acıqlı olsan, yenə əsəbi
yenə danışmağa qoymasan məni ədəbi,
niyə küsüb getmişəm?
Axtarmasan səbəbi
əgər tərgidə bilməsən şübhəyə bağlı tələbi,
ürəyimə daş bağlaram, gəlmərəm.
Əgər gülsən, uşaqları sevsən,
evdəkilərlə yaxşı keçinsən,
hardan bilim bu günsən, ya keçmişsən?
Çoxdandır ki, xəbərsizəm səndən,
bəlkə başqasını seçibsən?
dostlar deyir ki, o gün küçəmizdən
keçibsən,
daha niyə gəlim?
özün gəlibsən…