Namiq Dəlidağlı - KƏLBƏCƏR ETÜDLƏRİ
Burda gözəlliklər əlçatan deyil,
boylanır zirvədən, ətəyə gəlmir.
İlahi ucalıq könüllərində —
onlar düzə enmir, mətəyə gəlmir.
Çiçəklər şax durur, əymir qəddini,
ötüb sərhəddini, keçib səddini:
bütün gözəlliklər aşıb həddini —
heç sığala yatmır, ütüyə gəlmir...
Bir çiçək aləmi çıxıb püşkünə,
ənbər çiçəklərin batıb müşkünə,
arılar güllərin düşüb eşqinə,
çöllərdən yığılmır, pətəyə gəlmir.
...İp atdım, tovladım dünən səməndə,
insafsız düşmədi yenə kəməndə,
yeyib-xamlayıbdı çöldə-çəmədə,
üzəngiyə yatmır, yedəyə gəlmir.
Baxıb gözəllikdən doymayır ovçu,
ovçu marağına uymayır ovçu,
əliyə, cüyürə qıymayır ovçu,
barmağı çaxmağa, tətiyə gəlmir.