Müşfiqə Baləddin : - Bu sonuncu məktubum...
Durub getməyim gələn,
Bir yerim də qalmayıb.
Yuvam ovuclarımda,
Bir gorum da qalmayıb.
Çəkilib gözüm yoldan,
Uzaqlardan küsmüşəm.
Yollar gözümdən uzaq
İzlərimi kəsmişəm.
Səsini eşitməyə,
Qulaqlarım kardı, kar...
Bu günlərim hesabsız,
Sabahlarım günahkar.
Səndən sonra çatmıram
Nə gecikmiş qatara,
Nə dayanmış qatara,
Səndən sonra tələsmir,
Ayaqlarım heç hara.
Səndən sonra ruh kimi,
Cismimdən xəbərim yox.
Nə göydəyəm, nə yerdə,
Ölməyə təhərim yox.
Xəbərin olmayacaq,
Beləcə bitəcəyəm.
Sən yaşayan dünyadan,
Yox olub itəcəyəm.
Allah bilir nə çəkir,
Bəlaya düçar qəlbim.
Bu sonuncu məktubum...
Tezliklə qanad açıb,
Yuvadan köçər qəlbim.