Musa Yaqub - HEÇ
Böyük fikir qanadıyla
Uçulmaza uçmaq olar,
Xırda xuruş fikirlərlə
Kol-koslara endinsə heç.
Bir dünyəvi məhəbbətlə
Bülbül dili açmaq olar,
Samanlıqda dən üstündə
Cikkildəyib dindinsə heç.
Eh, arxadan gələnlərlə
Tənləşməyə nə var, bala,
Hünərin var yetiş görüm
Birincilər gedən yola.
Bu dünyanın kəhər atı,
Səmənd atı ola-ola,
Hər yerişi yeriş bilib
Kor yabıya mindinsə heç.
Bəxtdə varsız, bağda barsız,
Dağda qarsız qalsan belə,
Heç demə ki, zaman belə,
Dövran belə, insan belə…
Yeri bağlı, göyü bağlı
Kibrit çöpü olsan belə,
Bir kimsənin çırağını
Yandırmamış söndünsə heç...