Lilpar Cəmşidqızı -Gözlərim görməsə gər, şamü səhər Cananı (QƏZƏL)
Gözlərim görməsə gər, şamü səhər Cananı,
Kim verər ruhuma aləmdə bu sağlam canı.
Ruhu göylərdə olan yerdə təbibin gözlər,
Çünki Məcnunə dönən çöldə gəzər dərmanı.
Ahu səhrada gəzərkən çəmən ətrin duymaz,
Kor qoyar yolda dumanlıq qaragöz ceyranı.
Gül- çiçək bəsləməyən dəhrdə bağban olmaz,
Nanə- yarpız sulayan tez tanıyar reyhanı.
Eşqi-dəryaya düşən, axtara bilməz mərcan,
Həzm edər göydə buluddan tökülən leysanı.
Sünbülün çöhrəsi dən tutmasa tökməz zülfün,
Öz dəyirmanını tapmaz, dolaşar xırmanı.
Çərxi- dünya öz oxundan çıxa bilməz, ancaq,
Adəm övladı gələndən pozulub səhmanı.
Aşiqin köksünü həsrət dalayar qanqaltək,
Qəlbinin daxmasını mənzil edər hicranı.
Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,
Bəxş edibdir yerə Lilpar kimi bir mehmanı.