Sevinc Qərib- O darıxan yolun

Ədəbiyyat 10:49 / 24.10.2026 Baxış sayı: 190

***

O darıxan yolun

üzünü güldürdüm bu səhər,

yenə sevindirdim

izlərimsiz qəribsəyən yolu.

Bitirdim həsrətini

ayaqlarımın da,

xiffət üzü silindi izlərimin.

Nə fərqi var, hara aparır məni-

sevincə ya kədərə..,

təki yol hicrana yenilməsin,

təki ayaqlarım yoldan kəsilməsin...

Yolun başında ayaqlarımı

qucmaq havası,

qolları açıq qucaq kimi həvəsli.

Ayaqlarımın könlündə yerimək sevdası,

içimdə vurnuxan titrək kəpənək,

yola susamış arzuların dirçəliş səsi,

yol qovuşuq nəfəsli...

Yol vüsalına çatdı,

keçdi darıxmaq ağrısı.

Gözümdə yaş gülümsədi,

mən yaxşı bilirəm darıxmaq nədir...