İlgar Turkogludan  TƏBRİK

Ədəbiyyat 18:00 / 24.10.2026 Baxış sayı: 645

Şöhrətə əyilməz, şana əyilməz,

Ucalıb başında şairlik tacı.

Təpə öyülməz ki, heç vaxt öyülməz,

Dağlardan ucadı Ayaz Arabaçı !

 

Neçə ildir ki, Ayaz Arabaçının doğum gününü səfərlərdə, uzun-uzaq yollarda qeyd etmişik. Bu il səfərimiz noyabra ertələnib deyə əlimizə yaxşı fürsət düşüb. Dostlar görək nə təklif eləyir.

Abi, doğum günün qutlu olsun! Sağlam canla uzun və mutlu ömür diləyirəm. Hər doğum günündə paylaşdığım bu məktubumla bir daha səni təbrik edirəm. Var ol!

Ayaz Arabaçı, zamandı, hərdən,

Günahı bəsləyib, döşünə çəkir.

Adamın ayağı üzülür yerdən,

Əlindən gələni beşinə çəkir.

 

Ötürüb bəxtinə yenə düşəni,

Gözləmə verələr sənə düşəni.

Dünən sənə, bugün mənə düşəni,

Gözündən qoymayır, peşinə çəkir.

 

Zaman öz oynunda yorulmayır heç,

Günahı güclünün sorulmayır heç,

Qurd gəzən suları durulmayır heç,

Quzunu şərləyib, dişinə çəkir.

 

Kimi harda sökür, kasıba nə var?

Haqqını yeyirlər, hesaba nə var?

Keçi can hayında, qəssaba nə var?

Kəsib tikə-tikə şişinə çəkir.

 

Deyəmmirəm, sağa-sola dərdimi,

Götürüb apara, ala dərdimi.

Ağıllı dəlinin bala dərdini,

Hələ də düşünə-düşünə çəkir.

 

Bir oyundu bu da, sayaq atıram,

Süzüb “əlli-əlli” oyaq atıram.

Ha çalışdım, yenə “sə-yek” atıram,

Fırlanıb rəqibin “şeş”inə çəkir.

 

Bu da bir ömürdü, baxtına çatmır,

Gözləyən arzular taxtına çatmır.

Vaxtın özü də heç vaxtına çatmır.

Qurduğu oyuna, ”işinə” çəkir.