Bəhram Bilaloğlu - Borc artırmaq mənfəət əldə etmək deyil

YAZARLAR 09:48 / 24.10.2026 Baxış sayı: 1287

 

Həyatda elə həqiqətlər var ki, onları anlamaq üçün nə iqtisadi təhsil almağa, nə də uzun illərin təcrübəsinə ehtiyac duyulur. Sadəcə, bir qədər düşünmək, qazancın mahiyyətini anlamaq və ümidlə reallığın sərhədini ayırd etmək kifayətdir. Çünki hər artan rəqəm qazanc olmadığı kimi, hər davam edən iş də uğur hesab edilə bilməz.

Biznesin özünəməxsus qanunları var. Bu qanunların başında isə hesab-kitab, məsuliyyət və düzgün qərar dayanır. İnsan bir işə başlayarkən ümidlə yola çıxır. İnanır ki, zəhmət çəkəcək, müştəri qazanacaq, qazanc əldə edəcək və gələcəyini quracaq. Ümid insanı hərəkətə gətirən qüvvədir. Ancaq ümidin arxasında hesab dayanmayanda, insan bəzən irəli getdiyini zənn edərək olduğu yerdən də geriyə düşür.

Borc hesabına işi davam etdirmək, məhsulun nisyə alınması ilə dövriyyəni böyütmək, ödənişləri sabaha saxlamaq ilk baxışdan çıxış yolu kimi görünə bilər. Lakin burada bir həqiqət unudulmamalıdır: borcun artması kapitalın artması deyil, dövriyyənin böyüməsi isə öz-özlüyündə mənfəət demək deyil.Əgər gəlir xərcləri qarşılamırsa, əldə edilən vəsait yeni öhdəliklərə sərf olunursa, deməli, sahibkar qazanc əldə etməkdən çox, mövcud vəziyyəti qorumağa çalışır.

Ən təhlükəlisi də budur ki, bəzən insan özünü aldadaraq bu vəziyyəti müvəqqəti çətinlik adlandırır. Deyir ki, bir az da səbir edək, müştərilər artacaq, satış düzələcək, borcları ödəyəcəyik. Bəlkə də, doğrudan belə olacaq. Ancaq biznes ehtimallarla deyil, rəqəmlərlə idarə edilməlidir. Gözlənti gələcəyin qapısını aça bilər, amma həmin qapıdan hansı nəticə ilə keçəcəyini hesab-kitab müəyyən edir.

Tutaq ki, bir obyekt gündə yüz manatlıq məhsul satır. Sahibkar bu məbləği qazanc hesab edirsə, artıq ilk səhvini edib. Çünki həmin yüz manatın içində məhsulun maya dəyəri, işçinin əməkhaqqı, icarə haqqının gündəlik payı, kommunal xərclər və digər məsrəflər var. Bunlar çıxıldıqdan sonra qalan məbləğ mənfəətə yaxınlaşır. Əgər qalan məbləğ yoxdursa, satışın olması sahibkarın qazandığı anlamına gəlmir. Əksinə, satış davam etdiyi halda borc da böyüyürsə, dayanıb səbəbləri araşdırmaq lazımdır.

Burada bir məsələni də unutmaq olmaz: borc almaq həmişə yanlış qərar deyil. Bəzən düzgün hesablanmış borc istehsalı genişləndirir, dövriyyəni artırır və gələcək mənfəətə yol açır. Ancaq gələcək qazancın real əsası olmalıdır. Borc yeni qazanc yaratmaq üçün vasitədirsə, düşünülmüş addım sayıla bilər. Əvvəlki borcu bağlamaq, gündəlik xərcləri ödəmək və zərəri gizlətmək üçün yenidən borca girmək isə təhlükəli bir dövrənin başlanğıcıdır.

İşə şərik olan insanlar arasında bu məsələnin daha həssas tərəfi də var. Çünki ortada təkcə pul deyil, münasibətlər, etibar və ortaq məsuliyyət dayanır. Birinin nikbinliyi digərinin narahatlığını susdurmamalı, dostluq və qohumluq hesab-kitabın yerini tutmamalıdır. Məhsulu borca verən şəxsin etibarlı olması borcun vaxtında ödəniləcəyinə təminat deyil. Bu gün göstərilən güzəşt sabah daha böyük öhdəlik yarada bilər. Ona görə də hər kəsin niyyətinə hörmətlə yanaşmaq, amma qərarları rəqəmlərə əsasən vermək lazımdır.

Unutmayaq ki, insanın yaxınını qorumaq üçün bəzən onunla razılaşmaq deyil, həqiqəti demək lazımdır. İşin zərər etdiyini görüb susmaq, sadəcə, mübahisədən qaçmaq naminə problemi görməzliyə vurmaq sonradan daha ağır nəticələrə səbəb ola bilər. Səmimi münasibət insanı yanlış qərardan qorumağı da tələb edir.

Mənfəət əldə etmək istəyən sahibkar ilk növbədə özünə üç sual verməlidir: Nə qədər satıram? Bütün xərclərim nə qədərdir? Borclarımı ödədikdən sonra əlimdə nə qalır? Bu suallara dəqiq cavab yoxdursa, deməli, biznesin mənzərəsi hələ tam aydın deyil. Gündəlik satış, məhsulun maya dəyəri, əməkhaqqı, icarə və digər xərclər ayrıca qeydə alınmalı, borcların məbləği və ödəniş müddətləri müəyyənləşdirilməlidir. Yalnız bundan sonra işin həqiqətən qazanc gətirib-gətirmədiyini bilmək mümkündür.

Həyatın hər sahəsində olduğu kimi, biznesdə də səbir vacibdir. Ancaq səbir zərəri sonsuza qədər daşımaq, ümid naminə borcu artırmaq demək deyil. Səbir ağılla birləşəndə insana yol göstərir; hesabdan uzaq düşəndə isə onu yanlış qərarların əsirinə çevirə bilər.

İnsan qazanc əldə etmək üçün çalışmalıdır, borcun kölgəsində yaşamaq üçün deyil. Çünki borc bəzən insanın əlində vasitə, bəzən isə ayağında ağırlıq olur. Hansına çevriləcəyini isə onun necə idarə edilməsi müəyyənləşdirir.

Unutmayaq: borc artdıqca məsuliyyət də artır. Mənfəət isə borcun, dövriyyənin və ümidin böyüklüyü ilə deyil, bütün xərclər çıxıldıqdan sonra əldə qalan real qazanc ilə ölçülür.

Həqiqi uğur yalnız bu gün satış etmək deyil, sabah da ayaqda qala bilməkdir. Əsl sahibkarlıq isə sadəcə mal alıb satmaq yox, zəhmətin dəyərini qorumaq, riski düzgün hesablamaq və qazancı borcla səhv salmamaq bacarığıdır.