MİNNƏTDARLIQ MƏKTUBU

YAZARLAR 13:26 / 21.10.2026 Baxış sayı: 733


Azərbaycan Respublikasının Müdafiə Naziri,

general-polkovnik  cənab Həsənov  Zakir Əsgər  oğluna

MİNNƏTDARLIQ  MƏKTUBU


Hörmətli cənab Nazir!

Siz ölkəmizin ən yüksək rütbəli hərbçisi kimi, həm də Qarabağın alınmasında Nazir  kimi tarixə düşmüsünüz. Mən buna görə həmişə internet saytlarında Sizin haqqınızda  xoş sözlər yazıram.

Nəzərinizə çatdırım  ki,  mən  ali təhsilli  jurnalistəm.  30  il “AZ TV” də redaktor və böyük redaktor, 10 il “İctimai televiziya”nın Şimal-Qərb bölgəsinin müxbiri işləmişəm. Mən həm də Şəkidə Yeni Azərbaycan Partiyasının yaradıcısı olan 11 nəfərdən biriyəm. Hazırda təqaüddə olsam da, respublikamızın  bir neçə nüfuzlu qəzetlərində yazılarım çap edilir. Sənətimə olan vurğunluğuma görə  nəvəmi də  istiqamətləndirmişəm jurnalist ixtisasına.   Ona  Şəkidə adı hörmətlə yad edilən babamın adını qoymuşam. O, Nağıbəyov  Məmmədtağıbəy Nazim  oğludur. 

Nəvəm Bakı Dövlət Universitetinin Jurnalistika  fakultəsində təhsilini başa çatdırdıqdan sonra bir vətənpərvər oğul kimi hərbi xidmətə getdi. O,  çox savadlı oğlandır. Şəxsi kitabxanasında 3000-dən çox kitab var. Ən çox oxuduğu kitablar tarix mövzusundadır. Nəvəm türkün və Azərbaycanın tarixini yaxşı bilir.  Çox kitab oxumaqdan gözləri zəifləsə də, hərbi xidmətə getməyi özünə borc bildi.

Nəvəm hazırda Laçın rayonu ərazisində “N” saylı  hərbi hissədə xidmət edir. Bir neçə gün qabaq onun 22 yaşı tamam oldu və bizim ailə bu münasibətlə nəvəmin görüşünə getdik. İlk görüş bütün ailədə xoş əhval-ruhiyyə yaratdı. Nəvəm az müddətdə çox dəyişmişdi. Evdə olanda “gecələr sakitlikdir” deyib kitab oxuyurdu, normal rejimi yox idi. Bu isə məni həmişə narahat edirdi.  Mənim nəvəmə elə birinci sualım da gündəlik rejimi ilə bağlı oldu.  O, dedi ki, “baba, burada hər iş sənin istədiyin  kimi normal rejimlə aparılır və mən bunun faydasını özümdə hiss edirəm. Həm müəyyən qədər əsəblərim sakibləşib, həm də  normal yuxu rejiminə düşmüşəm. Burada bizə yüksək kolorili yeməklər, meyvə-tərəvəz verirlər. Yeməklər mənə nənəmin hazırladığı yeməkləri xatırladır.  Bu səbəbdən də müəyyən qədər  kökəlmişəm. İdmanla da ardıcıl məşğul olmağa imkanım var. Məncə normal insan üçün burada ideal həyat şəraiti yaradılıb. Hərbi təlimlər də müntəzəm aparılır. Bizi həddindən artıq yormurlar. Hər bir zabit bizə öz övladı kimi qayğı göstərir. Biz burada həm hərbi biliklər alırıq,  öyrənirik, həm də kişilik, həyat məktəbi keçirik”.


Biz geri qayıdanda hamımızın üzü gülürdü. Nəvəmin xoş əhvalı bizə siraət etmişdi. Mən də jurnalist  kimi bütün bunları yazmaq qərarına gəldim. Hərbi xidmətdə yaradılmış yüksək səviyyəli həyat şəraitinə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm cənab Prezidentimiz İlham Əliyevə, Müdafiə Naziri general-polkovnik Zakir Həsənova və nəvəmin Laçında xidmət etdiyi “N” saylı hərbi hissənin komandirlərinə, bütün zabit heyətinə səmimi təşəkkürlər və minnətdarlıq etməyi özümüzə borc bildim.  Onların hamısına işlərində  uğurlar arzulayıram. Canları sağ olsun, hərbi nailiyyətləri daha  da yüksək olsun.   Vətənimizin  keşiyində ayıq-sayıq dayanasınız.

Mən azərbaycanlı olduğuma görə indi qürurluyam. 200 il işğal edilən torpaqlarımızı Azərbaycan ordusu geri qaytardı. Onlar bizim şərəf və ləyaqətimizi bizə qaytardılar. Qarabağ döyüşlərində şəhid olanlara Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayıram.

Bu gün yetişdirilən hərbi  kontingentin torpaqlarımızı qoruyub saxlamaq üçün  müntəzəm inkişaf yolunda inamla addımlayacaqlarına inanıram. Ailəmiz adından  bütün hərbçilərimizə sonsuz təşəkkürlər  edirəm.   


 Çingiz Nağıyev

“Qızıl qələm” mükafatı laureatı

  Şəki