Nazim Əhmədli - ÜZÜM QARIŞIQ DÜŞƏR
Hərdən solan yarpaqlar,
sonda qırışıb düşər;
bəzən bəxt də insana,
dərdə bulaşıb düşər;
hardadı, ötən ağlım,
kim dəli, kim ağıllı;
xoşbəxtlik kimə çoxlu,
kimə bir qaşıq düşər;
sular hardan axırlar;
çiçək açır ağrılar,
ot tutubdu cığırlar,
yollar dolaşıq düşər;
yanım, baxma tüstümə,
alışarsan istimə;
yarpaqların üstünə
sap-sarı işıq düşər;
ağca bulud nə sində,
yoğrulur kündə-kündə;
kölgələrin içində,
üzüm qarışıq düşər.