Şakir Xanhüseynli - KEÇ YOLUN SAĞINDA DAYAN
Keç yolun sağında dayan,
bax solu nə qədər uzaq;
Burdan ora adlayınca
elə et ki, çıxasan sağ...
Bir anlıq xəyala dalıb
əlini apar çənənə;
Hey fikrə getmək, əslində,
kökdən gələn bir "ənənə"...
Salama uzanan əllər
çox yaxınmı bir-birinə.
Dünya gözünün önündə,
vaqifsənmi bir sirrinə...
Papağını qoy qarşına,
nöqtə boyda yer- bu cahan.
Bir yanında düşür axşam,
bir yanında sökülür dan...
Bir anda yer-göy qovuşur,
dəyir bu dağ o dağa, bax...
Səmada tək hamı üçün
nur saçan o çırağa bax...
Heç bir qarışın da deyil;
eh, bu ucsuz-bucaqsızlıq...
Qaranı ağın yerinə
qoymaq var isə, haqsızlıq...
O axan su bir xəbərmi
min il, milyon il sonradan.
Olur, heç şah deyən də yox,
amma ki, mat qalır adam...
Bir ovuc kül zaman-zaman
yanan ürəklərin qoru...
Bil, kimsəsiz ev kimisən,
hər küncün hörümçək toru...
Var qulağınla gördüyün,
gözünlə eşitdiklərin;
Mərc üçün bir uzat hələ
gör özünə çatır əlin?.