Yeni dövrün ziyalı məsuliyyəti və Lider nitqindən doğan borcumuz

YAZARLAR 09:29 / 20.10.2026 Baxış sayı: 822

Dünən Yeni Azərbaycan Partiyasının "Zərifə Əliyeva 96" Ərazi Partiya Təşkilatında keçirilən müşavirədə həmkarlarımla bir araya gəldik. Müzakirə mövzumuz Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm bir mərhələ — Partiyamızın Sədri, Möhtərəm Prezidentimiz İlham Əliyevin YAP-ın son Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələr idi.

​Tədbirdə çıxış edərkən bir daha dərinliyi ilə hiss etdim ki, dövlət başçımızın hər bir fikri, hər bir çağırışı kağız üzərində qalacaq tezislər deyil. Bu nitq Böyük Zəfərdən sonra tamamilə yeni bir reallığa qədəm qoyan Azərbaycanın gələcək yol xəritəsidir. Və bu xəritədə hər birimizin, xüsusilə də biz ziyalıların, elm və təhsil adamlarının,partiya fəallarının üzərinə çox böyük, şərəfli və eyni zamanda ağır bir məsuliyyət düşür.

​Biz uzun illər arzularla, həsrətlə yaşadıq. Zəfər günü o həsrətə son qoyuldu, qürurumuz, qamətimiz bərpa olundu. Amma tarixi Zəfəri qazanmaq nə qədər çətindirsə, onun yaratdığı yeni reallıqları qorumaq, onu daha böyük tərəqqiyə çevirmək bir o qədər davamlı zəhmət və əzm tələb edir. Cənab Prezidentin qurultaydakı nitqi məhz bu məqama toxunurdu: Biz qazanılan uğurlarla arxayınlaşmamalı, hər sahədə daha güclü, daha mütəşəkkil olmalıyıq.

​Bəs bu gün biz ziyalıların üzərinə düşən əsas yük nədir?

​İş yerlərimizdə, auditoriyalarda, gənclərlə görüşlərimizdə və gündəlik ünsiyyətimizdə bilik ötürməklə işimiz bitmir. Ziyalı — cəmiyyətin mayakıdır. Biz dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərimizi, Tarixi Qələbəmizin mahiyyətini gənc nəslə doğru-düzgün  anlatmalı,onları vətənpərvərlik, məsuliyyət və müasir biliklər ruhunda yetişdirməliyik. Prezidentimizin xüsusi vurğuladığı gənclər siyasəti hər birimizin mənəvi borcudur.

​Müşavirədə də qeyd etdiyim kimi, ölkə rəhbərinin müəyyənləşdirdiyi hədəfləri həyata keçirmək üçün biz xalqla, cəmiyyətlə sıx təmasda olmalı, fəaliyyətimizdə şəffaflığı, vicdanlılığı və intizamı əsas meyar götürməliyik. Ərazi təşkilatının bir üzvü kimi, üzərimizə düşən vəzifəni sözdə deyil, gündəlik əməli işimizdə göstərmək əzmimiz tamdır.

​Böyük işlər kiçik, amma ardıcıl addımlarla başlanır. Liderimizin çağırışına cavab vermək, dövlətimizin qüdrətlənməsinə öz intellektual və əməli töhfəmizi vermək hər birimizin vətəndaşlıq borcudur.

​İnanıram ki, birliyimiz, əzmimiz və səmimi zəhmətimizlə qarşıda duran bütün hədəflərə bərabər çatacağıq. Yolumuz aydın, əməlimiz xeyirli olsun

Adilə Nəzər,

Filologiya üzrə fəlsəfə doktoru, şair