Fərhad Tapdıqoğlu -  Şahidi olduğum maraqlı toy əhvalatları

YAZARLAR 10:14 / 21.10.2026 Baxış sayı: 819

 

=20=

Əvvəllər qeyd etdiyim kimi,toyun əvvəlində mütləq "hara toyu "olduğunu,yəni valideynlərin hansı rayondan olduğunu öyrənirdik.

Şəfəq rayonunun ( rayonun adını olduğu kimi yazmağı məsləhət bilmədim) toyu idi. Müsiqi rəhbəri dedi ki,məni həmin rayonlu kimi təqdim edərsən .

Mən açılışda belə təqdim elədim:ansamblın bədii rəhbəri gözəl sənətkarımız qarmon ifaçısı Rəhim Şəfəqlidir .

Bir nəfər Rəhimə yaxınlaşdı.

--Mən də o rayondanam.Hansı kənddənsən?- deyə soruşdu.

--Dağbəyi kəndindənəm- dedi.

(Təbii ki,"Dağbəyi" də şərti addır.Həmin kənddən

valideynlərini də yaxşı tanıdığı bir dostu vardı Rəhimin)

Həmin adam :

--Mən də o kənddənəm.Kimlərdənsən sən ,tanımadım- soruşdu .

Rəhim :

--Mən Qüdrət kişinin oğluyam - dedi.

-- Rəhmətlik Qüdrət kişinin belə bir oğlu yoxdur axı?

---Necə yəni yoxdur? Mən evin böyük oğluyam.

Qardaşlarım İlham,İslam,Nadir.

--Nə danışırsan ? Mən İlhamı ,İslamı , Nadiri tanıyıram.Səni isə yox.Sən məni aldadırsan?- həmin adam ədəbiləşdi və keçib masaların birinin arxasında əyləşdi.

Hərdən Rəhimi uzaqdan tərs- tərs süzürdü.İki- üç rumka vurandan sonra yenidən Rəhimin yanına gəldi.

---Sən məni niyə ələ salırsan? Sən Şəfəq rayonunun Dağbəyi kəndindən deyilsən?- həmin qonaq Rəhimə bozardı.

Rəhim vəziyyətdən çıxış yolu tapmaq üçün çox düşünmədi:

--Qardaş,qulağını bəri elə- dedi.Qüdrət kişi anamla bir müddət " oturub- durub" və bu yaxınlıqdan mən qeyri- rəsmi dünyaya gəlmişəm.Mən də İlham gilin böyük qardaşı sayılmıram?! Kənd camaatı hardan bilsin ki?

Mən " levi " doğulanam.

Rəhimə ilişən həmin kişi yumşaldı.İndi Rəhim ondan xahiş elədi :

-- Qardaş ,sən Allah heç kimə demə.Sirri açdığıma görə atam Qüdrət kişinin də ruhu narahat olar.Mən kişinin cavanlıq səhviyəm.

Qonaq Rəhimi əmin elədi ki,narahat olmasın.Və keçib yerində əyləşib ,Rəhimə baxaraq,onun da sağlığına içdi.Sonra "növbədən kənar" bir hava da çaldırıb oynadı.Rəhimi də rəqsə dəvət etdi...

Rəhim vəziyyətdən çıxdığına sevinirdi.Artıq sərxoş olan həmin qonaq zaldan çıxıb evə gedəndə Rəhimlə mehribancasına görüşüb dedi:

---Vallah halaldır Qüdrət kişiyə."Zakonnı" üç oğul," levi " də bir oğul. Fərasətli kişi olub Qüdrət kişi.Mənə belə bir qadın rast gəlmədi də.)))