Fariz Süleymanoğlu   -  QİYMƏTİ VAR

Ədəbiyyat 18:40 / 20.10.2026 Baxış sayı: 1406

 

 

Səmti ulu yoladısa,

Küldən ocaq qaladısa,

Bozqurd olub uladısa,

Turan elə dəvəti var,

O şeirin qiyməti var.

 

Biri oxur zikrə dalar,

Öz halına şükrə dalar,

Kimi dərin fikrə dalar,

Düşündürən hikməti var,

O şeirin qiyməti var.

 

Anıların oyandısa,

İçin sızladı, yandısa,

Birini könlün andısa,

Yəqin qəlbin həsrəti var,

O şeirin qiyməti var.

 

Dözüm, səbr, təpər versə,

Qəm-kədərə sipər versə,

Ürəyindən xəbər versə,

Duyğusu var, ülfəti var,

O şeirin qiyməti var.

 

Bir xəyalın, yuxundusa

Sarı simə toxundusa,

Dönə-dönə oxundusa,

Demək səmimiyyəti var,

O şeirin qiyməti var.

 

Təbliğ etsə sədaqəti,

Nəvazişi, mərhəməti,

Ata-ana məhəbbəti,

Demək sayğı, hörməti var,

O yazarın qiyməti var!