Məmməd Qədir - Dirilsin
Bir gilə məhəbbət qalmayıb canda,
Bir az şeirlərə süzüm, dirilsin.
Bir sevda yeli də yoxdu cahanda,
Ocağım isinsin, közüm dirilsin.
Məni alqış tutmur, bəddua, qarğış,
İçimdən qar yağır, çölümdən yağış,
Sonuncu ümidi öldürməmiş qış,
Telinə bənövşə düzüm dirilsin.
Ha sürsəm son daşa dirənir xışım,
Neynim, bu dünyayla tutmur naxışım,
İt-qurda baxmaqdan ölüb baxışım,
Bir gözəllik çıxmır, gözüm dirilsin.
Nə olsun uymadım şeytana, şərə,
Ruhum göylərə yad, sözüm bəşərə,
Ölüb sevdiklərim, tab yox məhşərə,
İlahi nə qədər dözüm, dirilsin.
Ömürdü sürdüyüm, ya qəddar cəza,
Daha sözə baxmır, nə ruh, nə əza,
Ya Allah, çağırıb durum namaza,
Alnım işıqlansın, dizim dirilsin.
Ömür haqqa yoldur, Məmməd, elə qət,
Alan nəfəsə də yoxdu zəmanət,
Ruhu uca sözə etdim əmanət,
Allah, mən öləndə sözüm dirilsin...