Lilpar Cəmşidqızı : - QƏZƏL

Məcnun qəm əlindən dedi səhrayə düşübdür,
Çox aşiqin ancaq gözü Leylayə düşübdür.
Eşqin səmərin görmədi könlüm, niyə bir gün?
Ruhum boğulur, çün qəmi- dəryayə düşübdür.
Aləmdə olan dərdü qəmin, Sahibi, neyçün?
Zillət və müsibət elə Zəhrayə düşübdür.
Adəm baba dadmışdı o Cənnət bəhərindən,
Aləmdə günahın çoxu Həvvayə düşübdür.
Bir kafi alan körpünün üstündə dayanmaz,
Ancaq çoxunun qisməti ə'layə düşübdür.
Gülşəndə gülün köksünü al- qan eləyib xar,
Möhnət açılandan güli- rənayə düşübdür.
YaRəbb, ürəyimdən darıxan ruhumu al Sən,
Qaytarma, bu Lilpar yenə sevdayə düşübdür.