Ayaz Arabaçı - Bu dünya tamamən zay olub gedib

Ədəbiyyat 14:00 / 06.03.2026 Baxış sayı: 551

Bu dünya tamamən zay olub gedib,

Tanrım…

o dünyadan de, nə xəbər var?

Orda da didirmi biri-birini.

Yiyəsiz, buraxma, mənfur adamlar..

 

Necədi ordakı ruhların dili,

Orda nə deyirlər sübh azanında.

Kimin gözlərinə çəkirsən mili,

Kimi qaynadırsan qır qazanında.

 

Orda da keçirmi fitnə-fəsad, şər,

Yoluna amansız əfi çıxırmı,

Nə cürə qaynayır ordakı bəşər,

Qırağa köpüyü-kəfi çıxırmı?

 

Orda da qonubmu bayquşlar bağa-

Adamlar zamandan asılıdırmı.

Qulun qul möhürü, ağanın ağa,

Alnına biryolluq basılıdırmı.

 

Üstümü qəm kəsir bir qoşun kimi,

Dərdin biri gedir, biri qayıdır..

Sözlər boğazımdan qurğuşun kimi,

Əriyib içimə geri qayıdır.

 

Həyat dərdə dönür,azara dönür,

Neçə ki, çıxmırsan sən bu meydana.

Və dünya beləcə bazara dönür,

Hər kəs öz ruhunu satır şeytana.

 

Yaşatdın- bitirdin əlli il-yüz il,

Sonuna varırmı ömür kitabı.

Suallar başımdan tükənən deyil-

Ölüm

bir aynadır, yoxsa bir qapı..?