Könül Nuriyeva - İkimizin arasında həmişə olduğutək
İkimizin arasında həmişə olduğutək
yayı bölüşdürdük,
sözləri seçərək təkəmseyrək.
Günəş mənə lazım deyil,— dedin,—
biri varımdır, bəsdir.
Külək mənimdir,—dedim,
O külək deyil ki, sənli səsdir.
Dənizi götürərdim məmmuniyyətlə,
amma o da gözümə görünmür,
olanda səninlə,— deyib baxdın üzümə
Sahil mənimdir,— dedim,—
çünki, səni ilk dəfə sahildə sevdim.
Nə qaldı, bu yaydan geri?
uzaqda gözləyir səbirsiz gəmi.
Sənin əlində sevdiyin qızın
günəşdən teli,
çox yorduq bu yayı
gedəndə əyilmişdi beli!
Gələn yayadək külək saxlamaz ki, əlindəki bu teli…
Sevindik, güldük, danışdıq
yüz dəfə dalaşıb, yüz dəfə barışdıq.
Yadımdan çıxdı,
bu yay görmüşdüm səni?
Yoxsa, yaydan əvvəl tanışdıq?
Gəl, baxaq bir də ətrafa
nə qaldı yerdə,
nəyi unutduq arada?
Daha nələr var sırada?
Qumluqdakı balıqqulağılar
gülən balaca qız,
mənim çəkdiyim ağ ayılar,
ulduzlu göyün daimi sakini Sirius
sənin nağıl etdiyin ovçu Orion
qarğıdalı satan əmi
bizi yarıda atan gəmi…
Toz qaldı bu yaydan xatirələrdə
onu bölə bilmədik.
Sevdik bir-birimizi hamının şikayət etdiyi ən isti yayda.
Bizə xeyir-dua verirdi ilahə Hera.
Falabaxan açaraq ovuclarımızı
yaman qorxutmuşdu bu yay bizi!
Qəribə darıxmaq dolur ürəyimizə
yay “hələlik!” deyir bizə,
Onu sevən ikimizə
Deyir ki,— darıxmayın saxladım dənizi sizə!
Qaralmış üzümüz uşaqları qorxudurdu,
Yadındamı?
—Qarmon çalan dayı
bizə mahnı oxudurdu…
Yay bitdi, xatiimizdə qaldı yay gecəsi
Adam sevəndə düşünmür sonranı
bilmir hara gedir bu işin sonu.
Necəsə olur, mülayimləşir səsi,
aşağı düşür sözlərin ahəngi, tonu.
Səliqəylə qatlayım mavi rəngli donu
Gələn yay yenə səninlə görüşə
geyinərəm onu…