Tapdıq ƏLİBƏYLİ - CANLI TABLO
Dağlar vüqarını çeşməyə süzüb,
Göylər ulduzunu çəmənə düzüb,
Günəş edənədək zirvədə qürub,
Təbiət çağırır seyr et doyunca.
Ənbər qoxuludur ətirli tala,
Qorxulu yuxudur ucu şiş qaya,
Canlı tablo əksin salıbdı çaya,
Qartal əks-sədalı Viləş boyunca.
Çəndə, dumanda da durulur insan...
Dağlartək vüqarlı yurddaşı, baxsan.
Sadə görkəmdədir burdakı ad-san,
Cavana bac verməz pirani qoca.
Bulaqlar sərinlər su səhəngini,
Nəğməli quşların səs ahəngini.
Gil-çiçək veribdir dürlü rəngini,
Xınalı kəkliyə, gəlin turaca.
Ayrı bir aləmdir yaz-yay dəmində,
Nəğməli səs gəzir könül evimdə.
Yardımlı yurdumda, doğma elimdə
Söz qoşmaq istədim hər yal, yamaca...