Ayaz  Arabaçı - Tülkü həccə gedir"dən, gör neçə illər keçib

Ədəbiyyat 10:51 / 29.08.2026 Baxış sayı: 964

Tülkü həccə gedir"dən, gör neçə illər keçib,

Bu gün də həccə gedən, neçə-neçə tülkü var.

Həmin o tülkülərin, şəhərin mərkəzində,

Yüzlərlə cariyəsi, minlərlə də mülkü var.

 

Ya bizi sel-su basır, ya tozun içindəyik,

Ya rus içimizdədir, ya rusun içindəyik..

Bir nizamsız diyarda xaosun içindəyik,

Yatmağa meyilliyik, ruhumuzda mürgü var.

 

Tazə Gülüstan istə, sındır da bu qəfəsi,

Sözdə deməyə nə var, rəhmətliyin nəvəsi,

Onunçün boğulur ki, həqiqətin nəfəsi,

Hansı sahədə desən həddindən çox bürkü var..

 

Bizi yoxdan yaradan, nədən haqqı var etmir,

Bədbəxt bəndələrini bir gün bəxtiyar etmir,

Döyürlər, öldürürlər heç nə bizə kar etmir,

Qəhrəman babaların əynimizdə kürkü var..

 

Səbr, təvazökarlıq, mərhəmət dedi sofu,

Silaha çevirməyi bacarmadıq bir "of"u,

Gəzir hələ də ev-ev, otuz yeddinin xofu,

Canımızda qorxu var, içimizdə hürkü var.

 

Min yerdən boy göstərir bu xalqa kin bəsləyən,

Çox görmüşük amma ki, hürüb-hürüb həsləyən,

Könlümüzü inamla azadlığa səsləyən,

Neçə-neçə şərqi var, neçə-neçə türkü var.

 

Bu qədər acıları kimin üstünə ataq,

Hansı gəmidə üzək, hansı gəmidə bataq.?

Biz bu gedişnən çətin mənzil başına çataq,

Gör nə qədər eşşəyin belimizdə yükü var...