Ay İlham pərisi  -    Məmməd Qədir 

Ədəbiyyat 19:43 / 30.08.2026 Baxış sayı: 972

 

Sənsənmis təbimin ciyərparəsi,

Daha sevgiləri vəsf eləmirəm.

Hərdən haray salır İlham pərisi,

Gizlənib içimdə səs eləmirəm.

Hamı küsəyəndi, inciyib gedir,

Titrədir ruhumu qanad səsləri.

Pəri də anlamır, Allah, bu nədir,

Ayrılıq içini yeyən kəsləri.

Allah evin yıxsın qaragüruhun,

O pərim var ikən, vardı bu pərim.

Hər gün üsyan edir Nəsimi ruhum,

Hər gecə həsrətdən soyulur dərim.

Mən dəri axtarım, ya şeir yazım,

Nə olar qınama, İlham pərisi.

Diriykən məhv olur arzum, murazım,

Heç nəyə yaramır bu yer kürəsi.

Bilirəm, çıxıram Allaha qarşı,

Səndən gizlənəndə səndən küsəndə.

Sevgiyə bağlıdır hər şeyin bası,

Mən yarsız ölüyəm, dərk elə sən də.

Bacarsan bir gecə get qonağı ol,

Bilərsən cənnətmiş, dalsan ətrinə.

Mən cani-cəhənnəm, özün sal bir yol,

İlahi şeirin, sözün xətrinə.

Məmmədin amalı sülhdü, barışdır,

Sevirəm deyəcək, son söz, son nida.

Ya mənim pərimi mənlə barışdır,

Ya məndən biryolluq əl üz, əlvida!