İSMAYIL MƏRCANLI İMANZADƏ : - ÜRƏYİM

Ədəbiyyat 10:10 / 25.07.2024 Baxış sayı: 3964

 

BU ŞEİR ÖZÜMLƏ YANAŞI, HƏSSAS-DUYUMLU

ÜRƏK SAHİBİ OLAN HƏR KƏSƏ AİDDİR...

Döyüntüsü düşən deyil dəyişik,

Varlığı ölüncə mənə “ev-eşik”.

Ümidimə məskən, arzuma beşik,

Bəlalı sevgimə kəfən ürəyim.

 

Həm bir az təmtəzə, həm də boyatdı,

Hər anına sığındığım həyatdı.

Köksümdə kəfkirli-zəngli saatdı,

Vaxtı hesablamır səhvən, ürəyim.

 

Hərdən sızlayanda acı kəlmədən,

Ağır yükə dönür “çiynində” bədən...

Xəlvətcə demişəm qorxma heç nədən,

Haqqın varlığına güvən, ürəyim.

 

Hər yerdə yaxşılıq toxumu əkib,

Bir suçum olanda qəddini büküb.

Mənim əvəzimdən xəcalət çəkib,

Məni hamıdan çox sevən ürəyim.

24.07.2024