İSMAYIL MƏRCANLI İMANZADƏ : - QORXMA, MƏLƏKDİ GƏLƏN

Ədəbiyyat 12:54 / 08.12.2024 Baxış sayı: 2235

 

Tanrıdan yoxsa əlac,

Dərddən ha gizlən, ha qaç.

Qollarını geniş aç-

Arzu-diləkdi gələn.

Hər saralan dən deyil,

Bəxt adam sevən deyil.

Bəlkə heç kəfən deyil-

Bəlkə bələkdi gələn?

Sel gəlsə, demə arx var,

Təpədən qabaq dağ var.

Hələ yağışa çox var-

Hələ küləkdi gələn.

Gedənlər dönməz geri,

Bu bir ilahi sirri.

Ölümün üstə yeri -

Qorxma, mələkdi gələn.