Ismayil Imanzadə : -Yaşadım
Səmtin tapıb bu tərəfin, o yanın,
Yüyənindən yapışmışam hər anın.
Zülmətindən doğulduğum dünyanın,
Hər üzünü görə-görə yaşadım.
Borc vermədim özgəsinə dərd-qəmi,
Həzm elədim həm artığı, həm kəmi.
Qılınclayan olanda da kölgəmi,
Demədim ki nahaq yerə yaşadım.
Bənzətmədim yanlış fikri naxışa,
Göydən yağan nurdu dedim yağışa.
Hərdən ağzım dirənəndə yoxuşa,
Nəfəsimi dərə-dərə yaşadım.
Misra-misra soraqladım “taxtımı”,
Görən kimsə mənə dönüb baxdımı?
Əbəs yerə itirmədim vaxtımı,
Sözdən çələng hörə-hörə yaşadım.
07.11.2023
İSMAYIL MƏRCANLI İMANZADƏ