İbrahim Nebioğlu : - Müəllim ...
Müəllim…
Bu söz necə də yaraşırdı Mais müəllimə.
Əsil müəllim idi.
Canlı əfsanə idi.
O bir Professional idi.
Televiziya jurnalistikasının Böyük Ustasıydı…
1995-ci il, Ankara.
Prezident Heydər Əliyev rəsmi səfərlə Türkiyə paytaxtına gəlirdi.
Bir gün əvvəl Mais müəllim zəng elədi: “Vıruchay, qardaş, operatorum yoxdur”.
Dedim ki, narahat olmayın, həll edəcəm.
Dedi bəs “pereqon”?
Dedim ki, o bir az qəliz məsələdir, ancaq çalışacam…
Ertəsi gün Mais müəllimi Türkiyə prezidentinin Çankaya iqamətgahından götürüb TRT-nin Kavaklıderede ABŞ səfirliyinin qarşısındakı binasına gətirdim.
Çox narahat idi, “Vıruchay, materialı göndərməsəm, vəziyyət pis olacaq”.
Məndə operatorum Humay Vəliyevin çəkdiyi 5-6 kadr var idi, ancaq nə Heydər Əliyevin nə də Süleyman Dəmirəlin “sinxronları” yox idi.
Mais müəllimi apardım TRT-nin o zamankı Xəbər müdiri Kandemir Alpanın yanına. Katibəsi dedi ki, heç kimi qəbul etmir, Azərbaycan prezidentinin çıxışını hazırlayırlar efirə. Mais müəllim yüksək səslə “Elə mənə də o lazımdır, qızım”. Qız dedi ki, mümkün deyil.
Kor peşman otaqdan çıxdıq. Koridordakı kreslolara atdıq özümüzü. Birdən Mais müəllim yerindən sıçrayıb bir göz qırpımında qəbul otağına girdi. Nə oldusa katibə koridora çıxıb dedi ki, gəl tez gir içəri.
Mais müəllim qıza nə demişdisə onu müdirin otağına salmışdılar. İçəri girəndə baxdım ki, Mais müəllim artıq Kandemir bəyin otağındakı monitordan görüntüləri seçir, əsəbi halda bloknotuna xronometrajı qeyd edirdi. Kandemir bəyin dediyini Mais müəllim anlamırdı, Mais müəllimin yarı rus, yarı azərbaycanca dediyini isə TRT-nin Xəbər patronu.
Otaqdan çıxanda Kandemir bəy məni saxlayıb yavaşca “Yahu, bu adam büyük haberci” dedi…
Oradan montaj otağına keçdik. Yenə kimsənin anlamadığı bir dildə Mais müəllim gənc montajçı qıza müxtəlif təlimatlar verib qısa bir zaman içində reportajı hazırladı.
Hazırladığı kaseti götürən kimi Mais müəllim dedi ki, borcumuz nə qədərdir. Dedim heç nə qədər, TRT məndən pul almaz. “Brat, mən rus televiziyasıyam e, məndən hər yerdə bu işə görə ən az 150 dollar alırlar”. Bura Türkiyədir deyib binadan çıxdıq.
Kızılayda indi xatırlamadığım bir tv kanalın ən üst mərtəbəsində yerləşən peyk rabitəsi ilə Mais müəllimin materiallarını Moskvaya ötürdük. Dərindən bir nəfəs aldı, əhvalı düzəldi. Sevincinin həddi-hüdudu yox idi.
Maşında mənə dedi ki, bir dünya pul qaldı, hər şeyi pulsuz-parasız etdin. Bunu necə xərcləyək? Aparıb otelinə yaxın Karum alış-veriş mərkəzinin yanında endirdim. Dedim ki, get uşaqlara hədiyyə al.
Ertəsi gün səfər başa çatdı, Mais müəllim nümayəndə heyəti ilə Bakıya uçdu. Ancaq TRT-də uzun müddət Mais Mamedovdan danışdılar. Onlar belə bir professional görməmişdilər…
O hadisədən sonra Mais müəllim illərlə mənim ona kiçik yardımımdan danışdı hər yerdə. Bir dəfə Bakıda zorla məni “Şəki” restoranına apardı ki, sənə borcum var. Ancaq orda da istədiyi kimi olmadı. Hesabı istəyəndə restoranın adminstratoru gəldi ki, sizdən hesab almırıq. Mais müəllim belə kiçik jestlərdən mutlu olurdu. O çox böyük mükafatlara layiq idi. Onun ən böyük mükafatı uzun illər Heydər Əliyevlə birgə çalışması oldu. Mərkəzi Televiziyanın Azərbaycandakı xüsusi müxbiri olmaq hər igidin işi deyildi.
O, yaxşı yaşadı, sevgi ilə yaşadı.
Çox çalışdı, yaxşı çalışdı.
Bu gün günorta Mais müəllimin vəfatı xəbəri gəldi.
Çox üzüldüm, sarsıldım…
Çox xatirələrim var bu bənzərsiz insanla!
Fürsət düşdükcə bəzilərini yazacağam.
Əlvida, Böyük Usta!
Əlvida, Gözəl İnsan!
Torpağın bol olsun!
16 iyul 2022
P.S. Bu gün Mais müəllimin ölümündən 2 il keçir. Onu ölüm xəbərini eşidəndə yazdığım yazı ilə yad etmək istədim. Bu gün kimlər onu xatırlayacaq, bilmirəm. Mənim əlimdən bu gəldi...
foto: Seyfulla Mustafayev tərəfindən illər əvvəl ANS-də çəkilib