Həzi Həsənli yazır : - Kamandar səsinin ilahi sehri…

YAZARLAR 21:10 / 06.12.2022 Baxış sayı: 2457

Aşıq Kamandar Əfəndiyev - 90 

Bu səsdə bir ruhani sirr var. Sanki mənim ürəyimdən və taleyimdən keçənləri dilə gətirir. Bu səsin ilahi sehri hər zaman könlümü göynədir. Bu göynərti sirr içində sirr kimidir. İçimi tərpədən bu sirr məni ustadın ruhu ilə beləcə danışdırır   

...1932-ci ildə Borçalıda – Kürüstü Kəpənəkçi kəndində dünyaya gəldin. Özünəməxsus bənzərsiz ifa tərzinlə bütün Türk dünyasında zirvəyə yüksəldin. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün ən yaxşı iştirakçısı və mükafatçısı, 1987-ci ildə Tbilisidə keçirilən beynəlxalq Xalq yaradıcılıq festivalında ən mahir musiqiçi kimi laureat adını aldın.      Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi, Borçalının dünya şöhrətli, məşhur azman aşığı idin. İndi sənin sənətin bir məktəbdir. Sənin sənət məktəbindən dərs alanların sayı – sanbalı tükənmək bilmir...   

    Səni düşündükcə gözlərim önündə torpağın alt qatına kök atan, yaşı əsrlərə, başı ərşə dayanan  bir xan çinar canlanır.  Məğrur başını əyməyən xan çinar – xan Kamandar! Ruhuna rəhmət, ustad!      “Aşıq Kamandarı hərdən yad eylə...”. Bu, özünün şeirindən bir misra – bir könül çırpıntısıdır. Sən ki hər zaman yad edilən azman sənətkarsan!!! Adının belə hörmətlə anılması sənətinin əbədiyaşarlığı, öz mənəvi ömrünün uzanması deyilmi?   Bu günlərdə 90 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı dedi: “Aşıq Kamandar Əfəndiyev sənətdə mogikan idi. O, bu sənətə sanki sirli bir aləmdən gəlmişdi, sənətdə öz sözünü dedi və sonda yenə də gəldiyi yerə döndü. Aşıq Kamandar sazın böyük bilicisi idi, böyük ifaçı idi. Nadir hallarda aşıqlar elə saz çala bilir. Yəni həm gözəl oxumaq və gözəl dastan danışmaqla yanaşı, həm də gözəl saz çalmaq hər aşığa qismət olan keyfiyyət deyil. O, çox gözəl saz çalmaqla yanaşı, həm də havalara özünəməxsus əlavələr edirdi. Məsələn, “Turacı” havası üzərində Aşıq Kamandar elə gözəl işlədi, elə əlavələr etdi ki, sonunda yeni hava yaratdı və adını da “Fəxri” qoydu. Mən hesab edirəm ki, Aşıq Kamandarın musiqi sahəsindəki fəaliyyəti ayrıca tədqiq olunmalıdır. Aşıq Kamandarın xidmətləri olduqca böyükdür, misilsizdir”.

...Həmin gün sənin işığına yığışanların gözündə qış yaza, könüllər də köklənmiş saza dönmüşdü. Təkrarsız ifalarını dinləmək üçün indi ürəyimizin başı göynəyir. Sənin barmaqların ürək şəkilli, möcüzəli taxtanın sinəsindəki gümüş telləri yox, ürəkdən-ürəyə calanan sarı simi dilləndirirdi. Göydə ruhun, yerdə ahın min bir könül duyğusundan nəfəs alırdı, İlahidən nazil olan sənət eşqindən həvəs alırdı. Belə olmasaydı, səsin – ləmisin, ölümsüz sənətin heyranlarını bu qədər sehrləndirməz, bu qədər mehrləndirməzdi. Aşıq-ozan dünyasında bu, yalnız sənə məxsus bir fənd imiş, ona görə heyranların bu səsə bənd imiş, ustad!   

  “Ruhani” oxuyanda səsin gurşad kimi kükrəyir, çaylar məcrasından çıxırdı. Hər havacatda zəngulələrinin ritmi, ahəngi yeni bir çalar yaradırdı. Sazının hər pərdəsində “açan çiçəklər” – güllər, səsinin hər çalarında bülbül tək ötən dillər sanki yaz mehiydi. “İbrahimi”də səsin Qəribin qəlbindəki od–ocağı dindirir, “Orta sarıtel”ində xalların, güllərin bağça–bağı, qarşı dağı dindirir. Neylədi, “Urfanı”nın neylədi?!.  Məsumla Diləfruzun sevgisini, sevdasını dillərdə dastan eylədi. “Dastanı”, “Sultanı”, “Bəhmanı”, “Göyçəgülü”, “Dubeyti”, “Cəlili” və saymaqla bitməyən neçə-neçə havacatlar sənin səsində ilahiləşib, əbədilik qazanıb, öz sənət möhürünü tarixə həkk edib. Özünün də yaratdığın “Fəxri”, “Kamandarı” kimi havacatların, yazdığın qoşmaların, gəraylıların, təcnislərin, müxəmməslərin aşıqların dilinin əzbəri, məclislər bəzəyidir. “Borçalı bayatısı”, “Bənövşə” kimi kitabların əlvan söz çələngidir. Şeirlərindəki  lirik həzinlik necə də könül oxşayır...  Bu, aşıq ədəbiyyatımıza yeni bir poetik təravət gətirdi. Əslən Borçalıdan olan müdrik alimimiz Camal Mustafayev sənin kitabına yazdığı ön sözdə qeyd edir: "Kamandarın zəngin sənətində saz, səs, söz vəhdət təşkil edir. "Borçalı laylası"nı oxuyanda bir daha yəqin edirsən ki, o, Borçalı yaylaqlarının bulağından su içib bəhrələnmişdir. Bu, dağ bulaqlarının saflığını və sağlamlığını öz misralarına hopdura bilmişdir. Ustad aşığın yazmış olduğu şeirlərin hamısından xalq ruhu, xalq nəfəsi və ozan-aşıq sənətkarlığı duyulur.” 

   Gen sinəli, durnaboğazlı, on bir telli tavar sazın  xan duruşuna, sənət meydanında cövlan edən ləngərli yerişinə “Xəncərə gümüş yaraşan kimi” yaraşırdı... Heykəl kimi duruşundan mərdanə türk kişilərinin sanbalı görünürdü. ”Aşıq Qərib”, “Məsum və Diləfruz”, “Abbas və Gülgəz” kimi sevdalı məhəbbət dastanlarını danışanda -  sazın sinəndə, özün dinəndə  məclisə başqa bir mənəvi hava əsdirirdin. Səsinin ecazına ağır yığnaqlar qurulardı, eydirmələrin könlümüzün  bulaq aynasında durulardı. 

    Dövrünün mükəmməl ustadları Aşıq Sadıq Sultanovdan və Aşıq Əmrah Gülməmmədovdan  aldığın hikmətli söz qatarın, saz ovxarın məclisə ayaq açanda susub dinləyənlərin, dinib inləyənlərin yönü yalnız sənə sarı olardı. Məclisə başlayanda da ustadlarının dərsini dəyərləndirməklə yad edərdin. Söyləmələrin yerli-yerində, söz sərvətin dərindən-dərində...   

   Öz sənətinlə böyük el məhəbbəti qazandın. Sənətdəki xidmətlərin həm Azərbaycan, həm də Gürcüstan dövləti tərəfindən yüksək qiymətləndirildi. Azərbaycanın “Əməkdar Mədəniyyət İşçisi” kimi ad aldın, Gürcüstanın “Şərəf” ordeni ilə təltif edildin. Amma səni duyan ürəklərin sevgisi sənə olan məhəbbətin, şan-şöhrətin, aldığın mükafatların ən alisidir. Sənin səsin aşıq sənətinin özünə elə bir şöhrət gətirdi ki, elə bir zirvəyə qaldırdı ki, o zirvədən heç vaxt enməyəcəksən.

  Sazın hər zaman Vətən qoxuyurdu, səsinin zil zəngulələri Vətən himni oxuyurdu. Zəngulələrinə ün çatammazdı, sazının cövlanına heç bir haray kəmənd atammazdı. Qədim Türk ruhunu özündə yaşadan səsindən dağ-daş, ana təbiət dilə gəlirdi. Sanki təbiətin özü oxuyurdu...

              Həzi Həsənli,

              Azərbaycan Yazıçılar Birliyinin üzvü,

              şair – publis