Gülnar Ümid : - Açır yaxasını günəş

Ədəbiyyat 22:04 / 18.09.2023 Baxış sayı: 1293

Hər səhər süzür gözünü,

Gecənin qaranlığına.

Unudub çılpaqlığını,

Utanır sərxoşluğuna.

 

Açır yaxasını günəş,

Bulud bir-bir düymələyir.

Gözündən yağış tökülür,

Zır-zır edir, göy mələyir.

 

Saat qapıya göz dikir,

Günlər döyür hər gün onu.

Sabahlara qapı açan

Dünən söyür hər gün onu.

 

Yuxular niyə axtarır,

Xərcəng yemiş saçlarını.

Bəlkə də gündüz doyurur,

Gecələrin aclarını.

 

Gündüz badəni unudur,

Sağlığına içir gecə.

Sərxoş olub sevənləri,

Sevməyəndən seçir gecə.