Firuz Mustafa - METRODA RAFİQ TAĞINI GÖRDÜM…
Metro qatarının bir küncündə gördüm
bu gün Rafiq Tağını.
əvvəlcə görə bilmədim ayağını,
aradan illər keçsə də dəyişməmişdi bənizi
qalın şüşə arxasından görünmürdü
həmişə gülümsər gözü
nə adamlar ona baxırdı, nə də o adamlara
deyəsən bu soyuq havada
əyninə qış paltosu yox,
boz qranitdən tikilmiş yay pencəyi geymişdi
Allah bilir, bəlkə də bu şaxtalı havada
əli keyimişdi
qalstuku qapqara idi
köynəyi bəmbəyaz
içəridəki istini boğmaq istəyirdi çöldəki ayaz
qatar nöbvəti syansiyada dayandı
doktor başını aşağı salıb asta, yorğun adamlarla
qapıya yaxınlaşdı
sanki bu anlarda ayaqları nəyəsə,
bəlkə də özünün gizli ağrılarına dolaşdı
indi onun sakitcə dayandığı künc boş idi
hələ zamanın ipini əyirirdi metro qatarının təkərləri
gözüm bayaq onun yaxşı seçə bilmədiyim
ayaqlarının yerinə dikildi-
oradan qapıya sarı uzanırdı qıpqırmızı qan ləkələri
yerimdən tərpənə bilmədim,
eləcə astadan pıçıldıyla dilləndim:
- ay rəhmətlik...
qatar bələdçısı səsucaldanla elan verdi: “stansiya Əhmədli...”
20.11.2020