Fidan Nizaməddinqızı : -   MÖCÜZƏ  (Hekayə)

YAZARLAR 19:32 / 14.04.2024 Baxış sayı: 2837

  Anam rəhmətə gedəndən iki ay sonra, hələ evdəki əşyaların üzərindən əlinin isitisi getməmiş atam evləndi. Atamın yeni övladı, bizim bacımız olmuşdu. Atam bütün varlığı ilə yeni ailəsini qoruyurdu. Daha sonra atam iki otağın arasında dəhlizdə bizim üçün balaca bir otaq düzəltdi. Bizimlə aralarına divar çəkərək otaqlarını ayırdı. Bu atamın bizim üçün gördüyü sonuncu iş oldu. Həmin yerdən onların otağında yanan sobanın qolu keçirdi. O vaxt anam sobanın bu əlavə qolunu atama düzəltdirəndə heç ağlına da gəlməzdi ki, bir gün bura bizim iki qardaş yeganə sığınacağımız olacaq. Otağımızda baş-ayaq yata biləcəyimiz çarpayı və bir də, sobanın qolu vardı. Sobanın qolunun bizim otagımıza düşməsi heç də təsadüfi deyildi. Bizim evimiz sonuncu mərtəbədə yerləşdiyindən güclü yağış yağan zaman bura su damırdı. Növbəti yay bələdiyyənin siyahısı üzrə bizim binanın damına da növbə çatmışdı. Bu damcılar zərif olsa da, davamlı olduğu üçün öz işini uğurla görmüşdü, döşəmənin sərt taxtasında neçə yeri dələrək keçmişdi. Zaman keçdikcə həmin yerlər çürüyərək bir az da böyümüşdü. Qış aylarında ordan yaman soyuq gəlirdi. Mən qardaşımla həmin yerləri təmir etmək məqsədi ilə köhnə kitablarımızın qalın üzləri ilə bağlamağa çalışmışdım.

Bir gün dərsdən gələndə anamın bəzi əşyalarını yeşiklərdə bizim üçün kəsib düzəlmiş ensiz otağın bir küncündə üst-üstə yığılmış gördük. Yeşiklərin üzərində içki şəkilləri olduğu üçün dəyişmək qərarına gəldik. Anam ilin hər ayının on gününü oruc tutardı... Biz elə həmin günü mağazaları gəzərək yenilərini tapıb gətirdik. Anamın paltarlarına iy düşməsin, öz ətrini saxlasın deyə onların bir neçə yerini kəsdik. Bu paltarları büküb əzizləyərək, xatirələri ilə birlikdə yenidən yığdıq. Doğum günlərimizdə geyindikləri ilə rastlaşdıqda həmin günün sevincli anlarını yaşadıq, sonuncu dəfə geyindiyi paltarını görəndə darıxdıq...

Paltarların altından tapdığımız quzu dərisini isə ayağımızın altına atdıq. Atam sonuncu dəfə bizim üçün qurban kəsəndə dərisi ağappaq idi. Anam demişdi ki, bu dərini yuyub atacam qışda uşaqların ayaqları altına. Bu elə həmin dəri olmalıdı. Bizim üçün bu balaca ensiz otaq gözümüzdə böyüyərək daha da doğma oldu.

Dərini çarpayının yanına atdığımız gündən üstünü bağladığımız həmin yerlərdən bəzən siçan səsləri gəlsə də, otağımızda yeməyə bir şey olmadığından gəldikləri kimi də gedirdi. Bir gün dərsdən gələndə həmin dərini otağımızda görmədik. Onların otağına girməyə icazəmiz olmadığından dərini axtara bilmədik. Hər dəfə soruşanda atam bizi möhkəm danlayırdı. Ümumiyyətlə belə bir əşyanın bu evdə olmadığını deyirdi. Bir gün onların otağından – siçan var,  deyə bərk qışqırıq səsi gəldi. Biz artıq əmin idik ki, dəri onların otağında idi. Siçanlar qoyun ətinin iyinə gəlir, görəndə ki, qurumuş tüklü dəridir cıxıb gedirdilər. Siçanlar onların otağına məhz o qoxuya görə gediblər. Ertəsi gün, siçanlar sizin otağa dəriyə görə girir, dediyim sözdən peşman oldum. Atamın vurduğu şillənin gücündən qardaşımı da yıxıb, yerə sərildim.  Onların otağından hər gün qışqırıq, siçan səsi gəlsə də, biz bir də bu barədə söz açmadıq.

Artıq fevral ayı idi. Dayanmadan qar yağırdı. Evdəki bütün xalça-palaz onların otağında idi. Biz soyuqdan çarpayıdan düşmürdük. Əllərimizi gah sobanın qoluna yaxınlaşdırır, gah da yorğanın altına girirdik. Otağımız qızmırdı ki, qızmırdı. Atama soyuqdur deyəndə, siz yekə kişilərsiz əsas bacınızı qorumalısız, deyirdi. Beləliklə kiçik qardaşımın soyuğa qarşı müqaviməti getdikcə azalırdı. O axı balaca idi, hələ ikinci sinifdə oxuyurdu. Otağımızda isə kitab-dəftərimizdən başqa bircə anamın əşyaları idi. Mən, anamın paltarlarını üstümüzə, ayaqlarımızın altına yığaraq qardaşımın yanına uzanıb onu bərk qucaqladım. Biz yuxudan ayılanda xilasedicilər anamı axtarırdı. Anlaya bilmirdim, bu yuxu idi, yoxsa gerçək. Zəlzələnin gücündən hər yer dağılmış, viran olmuşdu. İnsanlar dağıntılar altından bir-birini çıxarırdı.  Hamı ağlayırdı, qışqırırdı, hər kəs kimisə çağırırdı. Xilasedicilər tez-tez anamı soruşurdu. Ananız hara getdi, sizi ona təhvil verməliyik. Anam iki ildir rəhmətə gedib, dedim. Qardaşımı yoxlayan həkim onun büründüyü jaketi, paltarı görüb təəcübləndi. Axı indicə bu paltarları geyinmiş qadın bizə sizin yerinizi göstərdi. Dedi bu divarın altında uşaqlarım yatıb, xilas edin onları. Onlar diqqətlə bizə baxıb ağladı.

Uzaqdan atam gəlirdi. Qucağında ağ quzu dərisinə bükülmüş uşağı sinəsinə sıxaraq kimisə axtarırdı. Biz təcili yardım maşını ilə həmin ərazidən yavaş-yavaş uzaqlaşırdıq. Yaşadıqlarımız bir möcüzə idi

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
 dosent, Fidan Nizaməddin qızı Abdurəhmanova