Fərhad Tapdıqoğlu - Kəlamlar
Ata lap loğman olsa belə, övlad yaşından asılı olmayaraq ,bir yeri ağrıyanda anasını səsləyər.
=
İlk yalanı anamız deyib bizə.Ac olsa da,özü yeməyib,bizə verib.Deyib ki, " mən yemişəm,toxam".
=
Sadə ,səmimi,böyük qəlbi olan insanlardan sui istifadə etmək cılız insanlara məxsus olan kryfiyyətdir.
=
Qorxa-qorxa ,astadan söylənilən həqiqət ,yazıq həqiqətdir.
=
Səni incidən nadinc uşağın ,uşağa həsrət qalanın ən böyük arzusudur.
=
Övladların səndən pul-para deyil,ağıllı məsləhətlər istəyirsə,demək səndə alınır.
=
Üzü yumşaq olanın ,cibləri də çox zaman təmiz olur ,ürəyi,vicdanı kimi...
=
Hökm ilə bir insanın əqidəsini dəyişə bilirlərsə,o adam əqidəsiz adamdır...
Əqidəsi yoxdur...
=
Üz qabığı gözəl olan hər kitab maraqlı olmaz ,hər gözəl geyinən insan isə dəyərli.
=
İnsana rahat yuxunu qəlbinin ,ruhunun rahatlığı ,dincliyi gətirir.
=
Öz yolunun olması üçün ağlın,gücün,iradən,istəyin yetərincə olmalıdır.
=
Əllərindən bir iş gəlməyən bacarıqsız,lovğa adamlar - "başlarından yekə " danışanlardır .
=
Yaşamaq üçün azca pulun,gecələməyə kiçik daxman,sağlam canın varsa,şükr elə!
Evsiz-eşiksizlər,sağalmaz xəstələr də var.
=
"Vaxtı öldürə-öldürə " yaşayırıq bəzən...
Unutmayaq ki,bizi elə "öldürdüyümüz" vaxt öldürəcək...
=
Şərəfsiz insan lap uzun illər vəzifədə işləsə belə,şərəfsiz olaraq qalır.
=
"Vaxtım yoxdur"-xahişi,köməyi...yerinə yetirməmək üçün işlədilən ən populyar kəlam-bəhanə...
=
İstedadlı olmasan da,ağlına söykənən zəhmətsevərliyin sayəsində hədəfinə çata bilərsən .
=
Hər təbəssümün ardınca gülüş,hər gülüşün ardınca qəhqəhə gəlməz.
=
Kiminsə arxasınca qaçmaqdansa,konkret hədəfinin arxasınca qaç!
O zaman daha şanslı olarsan.
=
Zamanında "bu filankəsin övladıdır"- deyiblərsə, indi isə səni göstərib,"bu filankəsin valideynidir"- deyirlərsə,xoşbəxtsən.
=
Saf qəlbin işığına doğru alçaq insanlar da qaçar,amma o qəlbin qapısından içəri keçə bilməzlər.
=
Başqalarının nöqsanlarını "qırmızı-qırmızı" üzlərinə deyən adamın səhvsiz olduğunu düşünmək yanlışlıq olardı.
=
İnsan ona havayı verilənlərin qədrini çox zaman bilmir,bu da ona baha başa gəlir.
=
Saatını itirsən də,zaman gedər...
Vicdanını itirsən "vicdansızlıq" baş alıb gedər,hər şey gedər...
=
İnsan özü özünün həm müəllimi,həm həkimi,həm hakimi olmalıdır.
İnsanın özünə ən yaxın dost,sirdaş,yoldaş elə onun özüdür.
=
Qaranlıqda günəş eynəyində gəzənin ağlı ilə ,Ay işığında "günəş vannası" qəbul edənin ağlı arasında fərq elə də çox ola bilməz.
=
Allahın verdiyinə şükr edən ,sabaha ümidlə baxan əsasən kasıb insanlardır.
=
Qusmaq,qaytarmaq xəstəlik əlaməti olsa da,dövlətimizi talayıb yeyənlərin yediklərini qusmaları yaxşı haldır,sevindiricidir.
=
Narahatlıqda rahatlıq tapanlar ,rahatlıqda rahat yaşaya bilməzlər...
=
Vay o günə ki, sənə sədaqətli olan itin də qudura.
=
İnsan zirvəyə qalxanda ,ayağının altından qaçan daşların kiminsə "başına düşməsi" ehtimalı böyükdür.
=
Ürəyimizi çox açıq qoymayaq...
Açıq qapıdan içəri hər cürə insan girər...
=
Zamanında "Əşşi,nə deyirlər,desinlər"- deyə düşünməyimiz bizi məsləhət bilinməyən yolun yolçusuna çevirir...
=
Məni axtarıb tapmaq istəyən xöşbəxtlik gələrkən yolda müalicəsi olmayan sağalmaz azara tutulub...
=
Ən ağır yük insanın boynuna düşür.
=
Gözəl sənəti( təhsili,peşəsi) olanlar da var...çoxlu pulu olanlar da...həm sənəti,həm pulu olanlar da...sənət və pul arasında çabalayanlar da...
=
Yaxşılıq etmək, xeyirxah işlər görmək barəsində düşünürsənsə,sən artıq o işi görürsən...
=
Boğaz insanı özünüidarə etmədən çıxaran orqandır.
Çünki can "boğaza yığılandan "sonra arzuolunmaz olaylar,hadisələr baş verir...
=
Hər şeyin bahalısına can atan insan,çətinliyə düşəndə ölümün ucuzunu istəyir.
(Allah,mənə bir ucuz ölüm ver)
=
Öz kölgəsindən də ürkən insanlar qaranlığı sevərlər.
=
İnsanın göz qapaqları ona görədir ki, o görmək,baxmaq məsləhət bilinməyənlərə gözlərini qapasın,yumsun.
=
İnsanları sevərək" ürəyinin başında" ,"gözlərinin üstündə" gəzdirənlərin,sonda ya ürəkləri çatlayar,ya da gözləri tutular...
=
Düşündüklərim mənimdir,söylədiklərim, danışdıqlarım Sizindir,dinləyənlərin...
=
"Gözünün içinə qədər" olan yalanlar ən böyük yalanlardır.
=
Tozlu,palçıqlı yoldan asfalt yola özü çıxan adam ,tozdan,palçıqdan qorxmaz.
=
Dünyaya göz açan insanların hamısına Allah abır-həya verir.
Sadəcə onları itirənlər olur.
=
Xoş vaxtlı olanlar elə xoş bəxtlidirlər,xoşbəxtdirlər.
=
Sən saydın,saymadın,fərq eləməz.
Onsuz da fələk sayacaqdır.
=
Dayaz fikirli adamların dərin biliyindən söhbət gedə bilməz.
=
Qara saqqallar ( saqqal saxlamaq) dəbə minəndən sonra ağ saqqallara( ağsaqqallara) hörmət etmək dəbdən düşməyə başlayır.
=
Bir-iki qüllablıq həzz üçün tüllablıq eləyənlər var.
=
Pilləkənləri tikəndə,quranda qollar,tutacaq da düzəldirlər onlara.
Onlardan tutmasan yuxarı qalxa bilməzsən,yıxılarsan.
=
Var-yoxlarını "söydürə-söydürə var yığanlar da var...
Var-yoxlarına alqış qazandırıb,varsız qalanlar da...
=
İnsan özü-özünə qənim kəsiləndə qənim olanda ,daha Allahın qənim olmasına ehtiyac qalmır.
=
Yeməklə doymayan yalamaqla doymasa da, yalmanmaqla doyur.
=
Hər yüyürən mənzil başına tez çatmır...Özün də yıxıla bilərsən...badalaq da vurub yıxa bilərlər...
=
Dərdlərim kefdədir,çiçəkləri çırtlayıb...
=
Ürəyin xəstə olsa da,ağlın xəstə olmasın.