Aləmzər Sadqqızı - Gəlmişəm
Bir də görərsən ki, qapın doyülür,
Bir də görərsən ki, çıxıb gəlmişəm.
Məndən istədiyin hədiyyə ki, var,
Ovcumun içinə sıxıb gəlmişəm.
Sən mənim ömrümə yağan qarmısan?
Dərdli payızmısan, ya baharmısan?
Gerçəkmi, xəyalmı, ya yalanmısan?
Mənəm, yanağından axıb gəlmişəm.
Arxada bir sənsiz ömür var gülüm,
Sənə söz verməyə qısadı dilim,
Götür ürəyimi yar dilim-dilim,
Sənin həsrətinnən yaxıb gəlmişəm.
Yağan yağmurunam, batan Ayınam,
Gecikən ilinəm, günün, ayınam,
Gördüyün yuxunam, gələn yayınam...
sənin gözlərinə baxıb gəlmişəm.
"Göy gözü göylərdən gözəl" mələyim,
Bənövşə ətirlim, küskün çiçəyim,
Ay ruhu özündən gözəl-göyçəyim,
Ruhuma qanadlar taxıb gəlmişəm!
14. 11.2024.