Ay  Bəniz Əliyar - Soyunub tökmüşəm ağrılarımı...

Ədəbiyyat 09:51 / 06.07.2026 Baxış sayı: 421

Soyunub tökmüşəm ağrılarımı,

Ruhum çılpaq qalıb Hira dağında.

Sonra deyirlər ki, qiyamət çatıb,

Mən hələ yatmışam fil qulağında.

 

Hissimdən savayı nəyim var yatıb,

Mən ki, bu dərdlərə qalxan deyiləm.

Qiyamət çatsa da yatdığım yerdən,

Oyanan deyiləm, qalxan deyiləm.

 

Ömür savaşında bom-boşdu ovcum,

Yox oxum, kamanım, misri qılıncım.

Saçımı ağardan, varsan, bilirəm!

Üzümü ağardan, varmı, yoxmusan?

 

Soyunub tökmüşəm ağrılarımı,

Ruhumu nə isə yandırıb yaxır.

Bəlkə əvvəlimi bilmirdim, amma,

Deyəsən sonumu bilirəm axı.

 

(Kiminsə qəlbinə yamaq gəlmişəm,

Kiminsə ömrünə qonaq gəlmişəm.)

Dörddivar ən sadiq dostlarım kimi,

Yenə keşiyimi çəkir müntəzir.

 

Ən zəif yerimdən vurdular məni,

Məndə o dediyin səbr nə gəzir.

Yuxuya verdilər məni də belə,

Yeyib bitirdilər məni də belə.

 

Milçək vızıltısı ruhuma layla,

Cin vurur başıma, yenə qalxmıram,

Nə yaxşı yatmışam fil qulağında.

Başıma o qədər bu dünya dardı,

Çətin həzzlərini duyam, dərk edəm.

Əvvəl heç olmasa cındırım vardı,

İndi o da yoxdu cini hürküdəm.

 

Əlim boş, ovcum boş, ürəyim dolu,

Belə dolu olmaq kimə gərəkdir?

Belə dolu olmaq özün-özünü,

Elə dirigözlü məhv eləməkdir.