Əbülfət Mədətoğlu - GÖZLƏDİM

Ədəbiyyat 09:25 / 06.07.2026 Baxış sayı: 396

Açılmadı bəxtin ümid çiçəyi

Neçə gündüz, neçə gecə gözlədim... 

Ağardaraq bu yolda saç- birçəyi -

Qoşulmadan , heç bir köçə, gözlədim...

 

 

Pərvanənin Vüsal andı şamdadı,

O həsrəti yanmaq ilə tamladı...

Güman özü  zərrədi, ya damladı -

Onları da seçə- seçə gözlədim...

 

Zaman -zaman görüşmədən, görmədən

Baxışımla saçlarını hörmədən...

Hisslərimi qapatdığım türmədən -

Çıxarmadan , demədən heç, gözlədim!

 

Gözlərimə qan sızdırıb, qan, keçdin...

Ya bilmədin, ya da bilib yan keçdin!..

Əbülfətdən işıq tək hər an keçdin -

Allah bildi, səni necə gözlədim...